Diaspor TV və Diaspor FM yayımının 8-ci ilində
11 sentyabr, 2025
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 2018-ci ildə diaspor fəaliyyətinin müasir standartlara uyğun və daha əhatəli işıqlandırılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edərək özünün internet resursları olan Diaspor TV və Diaspor FM-in yaradılmasına qərar verib. Bu addım dünya azərbaycanlıları arasında informasiya mübadiləsinin gücləndirilməsinə, onlar üçün məlumatların əlçatanlığının təmin olunmasına və milli maraqların beynəlxalq aləmdə daha səmərəli təbliğinə xidmət edir.
Diaspor TV və Diaspor FM-də diaspor həyatına dair reportajlar, müsahibələr, maarifləndirici verilişlər və digər media materialları geniş auditoriyaya təqdim olunur. Hər iki kanalda ölkə başçısının rəhbərliyi altında həyata keçirilən diaspor siyasəti və xaricdəki Azərbaycan icmalarının fəaliyyəti ilə bağlı dolğun video və audio baza yaradılıb.
Audio yayım platforması kimi fəaliyyət göstərən Diaspor FM-də dinləyicilərə Azərbaycan diasporunun fəaliyyəti, həyata keçirilən tədbirlər və çağırışlar barədə gündəlik audiovizual məlumatlar təqdim olunur.
Diaspor TV-də və paralel olaraq Diaspor FM-də yayımlanan 2500-ə yaxın video və audio material ümumilikdə bir neçə milyon baxış və dinlənmə sayı toplayıb.
Komitənin “Youtube” kanalı olan Diaspor TV-nin stasionar və səyyar çəkilişlər aparmaq imkanı mövcuddur. Bu günə kimi TV dünyanın 40-a yaxın ölkəsində çəkilişlər aparıb.
Dünya azərbaycanlılarından bəhs edən, Diaspor TV-nin ən populyar proqramı olan “Vətən uzaqda deyil” proqramı Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai TV ilə əməkdaşlığı çərçivəsində 2018-ci ildən İTV-nin efirində yayımlanır.
“Vətən uzaqda deyil” proqramı bu il yeni yayım mövsümündə də İctimai TV-nin efirində yayımlanacaq. “Vətən uzaqda deyil” diaspor proqramının yeni yayım mövsümündəki ilk buraxılışı sentyabrın 30-da efirdə olacaq. Proqram Diaspor Gənclərinin Xankəndidə keçirilən VI Yay Düşərgəsinə həsr olunub.
Diaspor TV və Diaspor FM-də müxtəlif dillərdə yayımlanan, diasporun ayrı-ayrı nəsillərinə xitab edən proqram və müsahibələr soydaşlarımız arasında böyük rəğbət qazanıb.
Foto qalereya
Digər xəbərlər
