“Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçıları Dövlət Komitəsində olub

25 iyun, 2025

“Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçıları Dövlət Komitəsində olub

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin uzunmüddətli layihələrindən olan “Diaspor Gəncləri 1+1” layihəsinin növbəti iştirakçıları Dövlət Komitəsində olub və DİDK sədrinin müavini Elşad Əliyevlə görüşüblər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti haqqında ətraflı məlumat verən sədr müavini xaricdəki soydaşlarımızın fəaliyyəti, komitənin həyata keçirdiyi irihəcmli layihələr, həmçinin dünya azərbaycanlıların vahid diaspor şəbəkəsinin yaradılması ideyası barədə danışıb.

Qonaqlara Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan torpaqlarında törədilən vandalizm aktlarının, mina terrorunun ağır nəticələri, eləcə də azad olunan ərazilərimizdə aparılan sürətli bərpa və yenidənqurma işləri haqqında müfəssəl informasiya verilib.

Sədr müavini diaspor gənclərinin və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələrinin Azərbaycanla daha sıx əlaqə qurmasında, milli-mədəni dəyərlərimizin təbliğində, eləcə də icmalararası münasibətlərin dərinləşməsində “Diaspor Gəncləri 1+1” layihəsinin əvəzsiz rolunu diqqətə çatdırıb. Bildirilib ki, bu layihə gənclərin bilik və bacarıqlarının, liderlik potensiallarının inkişafına ciddi təsir edir, Azərbaycanla bağlı informasiyalara əlçatanlığın artmasına şərait yaradır.

Layihə iştirakçıları səfərin təşkilinə, ölkəmizdə olduqları müddətdə onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq ifadə edib, Azərbaycanın regionlarına, o cümlədən Gəncə şəhərinə, Bərdə, Ağdam, Xankəndi və Şuşa rayonlarına səfərlərilə bağlı maraqlı təəssüratlarını bölüşüblər. Qeyd ediblər ki, bu səfər onlar üçün yaddaqalan və faydalı olub. Qarabağda Ermənistanın törətdiyi genişmiqyaslı vandalizm aktlarına toxunan gənclər Azərbaycanın həmin ərazilərdə apardığı sürətli bərpa və yenidənqurma işlərini təqdirəlayiq hesab ediblər.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb, onlara xatirə hədiyyələri təqdim olunub.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər