Cənub Şərqi Asiya ölkələrindəki diaspor fəalı medalla təltif olunub
28 iyul, 2025
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Cənub-Şərqi Asiya regionunda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Sinqapur üzrə koordinatoru Nigar Hameri qəbul edib.
Komitə sədri xaricdəki Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu vurğulayıb. Soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliği, zəngin mədəni irsimizin və mədəniyyətimizin dünyada tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib.
Görüş zamanı Cənub Şərqi Asiya ölkələrində Azərbaycan diasporunun mövcud vəziyyəti, ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafı və gələcək planlar barədə fikir mübadiləsi aparılıb.
Sonra Nigar Hamerə təltif olunduğu "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təqdim edilib.
Soydaşımız fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib. O, gələcəkdə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı, diasporumuzun fəaliyyətinin daha mütəşəkkil olması naminə səylərini əsirgəməyəcəyini söyləyib.
Qeyd edək ki, əcnəbi ilə ailə həyatı quran, 15 ildən artıq xaricdə yaşayan Nigar Hamer Azərbaycan həqiqətlərinin, zəngin mədəniyyətimizin dünyada təbliğində, eləcə də müxtəlif tədbirlərin təşkili və soydaşlarımızın bir araya toplanmasında yüksək fəallıq göstərir.
Digər xəbərlər
