“Bu görüş heç vaxt unudulmayacaq” – gənclər Diaspor Komitəsində
2 sentyabr, 2025
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə “Azərbaycanın sərhədsiz nümayəndələri” layihəsi çərçivəsində bir qrup gənc Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində olub, komitənin, diasporun fəaliyyətilə yaxından tanış olublar.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan görüşdə Nizami rayonunda yaşayan və yüksək balla ali məktəblərə qəbul olunan, müxtəlif sahələrdə fəallıq göstərən gənclərə DİDK-nın Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı görülən işlərlə bağlı ətraflı məlumat verib, komitənin və diasporun həyata keçirdiyi iri layihələrə dair videomateriallar nümayiş olunub.
Görüşdə ixtisaslaşmış forumlar, Diaspor Gənclərinin Yay Düşərgələri, "Diaspor Gəncləri 1+1" layihəsi, Liderliyin İnkişafı Proqramı, “Beyin qazanma” Proqramı, “E-akademiya” layihəsi, Azərbaycan Evləri, Koordinasiya Şuraları və bir sıra layihələr barədə danışılıb, xaricdəki həftəsonu məktəbləri ilə bağlı əyani materiallar təqdim olunub.
Komitənin rəsmi media subyektləri olan Diaspor TV və Diaspor FM-in yaradıcılıq studiyaları ilə və Diaspor TV-nin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının materialları ilə tanışlıq gənclərdə böyük təəssürat və görülən işin əhatə dairəsi ilə bağlı bilgi formalaşdırıb. “Vətən uzaqda deyil” verilişinin xaricdə yaşayan hər bir soydaşımıza ünvanlanan, onlarla vətən arasında mənəvi körpü qurmağı hədəfləyən bir proqram olduğu gənclərin diqqətinə çatdırılıb.
Gənclər, həmçinin qurumun inzibati binasını gəzərək, onun yaranma tarixi, təşkilati strukturu və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat alıblar.
Tədbirin davamında gənclərin İspaniyada fəaliyyət göstərən Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimovla onlayn görüşü təşkil olunub. Görüşdə Azərbaycan Evinin fəaliyyəti, yerli Azərbaycan icması ilə əlaqələr, mədəni layihələr, gələcək planlar və perspektivlər barədə geniş məlumat verilib, suallar cavablandırılıb.
İştirakçılar Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işləri təqdir edib, layihələrin əhatə dairəsinin genişliyi və diasporun mükəmməl bazasının yaradılması ilə bağlı yeni məlumatlar əldə etdiklərini bildiriblər. Qonaqlar Barselona Azərbaycan Evi ilə canlı bağlantıda iştirak etmələrinin onlar üçün yeni və maraqlı bir təşəbbüs olduğunu, belə maarifləndirici təşəbbüslərin gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını dilə gətiriblər.
“Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin geniş fəaliyyətinin bir daha şahidi oldum. Xaricdə yaşayan azərbaycanlıları yaşadıqları ölkələrdə təşkil olunan tədbirlərdə bir araya toplamaq çox böyük bir işdir. Gəncləri hər zaman vətənə bağlı olmağa və onu təbliğ etməyə çağırıram”, – bu fikirləri “Mənimlə rəqs et” layihəsinin rəhbəri Lalə Aslanur DİDK-nın və Azərbaycan diasporunun fəaliyyəti ilə daha yaxından tanış olduqdan sonra Diaspor TV-yə verdiyi müsahibə zamanı səsləndirib.
Gənclər Diasporla İş üzrə Dövlət Komitəsinə belə unudulmayacaq görüş üçün xüsusi minnətdarlıq ediblər.
Foto qalereya
Digər xəbərlər
