Bakıda Skandinaviya nağıl qəhrəmanlarına həsr edilmiş kitabın təqdimatı keçirilib

8 iyul, 2024

Bakıda Skandinaviya nağıl qəhrəmanlarına həsr edilmiş kitabın təqdimatı keçirilib

Beynəlxalq Muğam Mərkəzində tanınmış uşaq yazıçısı Gülzar İbrahimovanın Skandinaviya nağıl qəhrəmanlarına həsr etdiyi “Trolların sirri” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Norveçin paytaxtı Oslo şəhərində yerləşən N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva “Trolların sirri” nağıl kitabının Gülzar İbrahimova ilə məktəbin sıx əməkdaşlığı əsasında yarandığını bildirib.

Tədbirdə çıxış edən kitab müəllifi Gülzar İbrahimova Norveçdə dünyaya göz açmış uşaqlarımızın ana dilimizlə yanaşı, ədəbiyyatımızı da öyrənməsini təqdirəlayiq hal kimi qiymətləndirib. O, həmçinin, “Trolların sirri” kitabının bir il müddətinə ərsəyə gəldiyini, trolların onun yazdığı yerli və xarici nağıl qəhrəmanları arasında özünəməxsus yeri olduğunu deyib.

Tədbirdə “Ağıllı Bala” nəşriyyatının rəhbəri, uşaq yazıçısı Fatima Alxas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri doktoru, professor Şahin Fazil, şairlər – Gülayə Şınıxlı, Fəxrəddin Meydanlı, Zaur Ustac və digər çıxışçılar ərsəyə gələn kitab haqqında öz fikirlərini bildirərək, G.İbrahimovaya yaradıcılıq uğurları arzu ediblər.

Təqdimatda Beynəlxalq Muğam Mərkəzinin solistləri Könül Xəlilzadə, Elgiz Əliyev və müğənni Əhəd Ağayev müxtəlif mahnılar, Səhər Zərdablı və Tunar Qarayev həm milli, həm də xarici üslubda əyləncəli rəqslər ifa ediblər.

N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri sözləri Gülzar İbrahimovaya, musiqisi Elşən Nicata məxsus olan “Ana dilim” və “Sağ ol, Ey Vətən!” mahnılarını oxuyublar.

Sonda iştirakçılara müəllifin “Trolların sirri” və “Norveç qoğalı” kitabları hədiyyə olunub.

Xatırladaq ki, “Trolların sirri” kitabının təqdimatı ilk dəfə mayın 25-də Diasporla İş üzrə Dövlət Komitəsinin və N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin birgə təşkilatçılığı ilə Oslonun məşhur “Deichman Bjørvika” kitabxanasında keçirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər