Azərbaycan musiqisinin sədaları İrlandiyada
30 yanvar, 2026
İrlandiyanın Törləs (Thurles) şəhərində yerləşən Bukvorm (Bookworm) mərkəzində “Anna və Əşrəf” (“Anna and Ashraf”) musiqi məktəbinin təşkilatçılığı ilə Qış Konserti keçirilib.
Konsertdə “Anna and Ashraf” musiqi məktəbinin tələbələri həm instrumental, həm də vokal ifalarla öz istedadlarını nümayiş etdiriblər. Müxtəlif alətlər və musiqi üslubları vasitəsilə təqdim olunan çıxışlarda tamaşaçılar fərqli musiqi mədəniyyətlərinin ahəngini duyub.
Proqramda Azərbaycanın və dünyanın görkəmli bəstəkarlarının əsərləri səsləndirilib. Milli mədəniyyətimiz, o cümlədən musiqimiz yerli ictimaiyyət arasında böyük maraq və rəğbətlə qarşılanıb.
Tədbir İrlandiya mətbuatının da diqqətindən kənarda qalmayıb. “Tipperary Star” qəzetində Qış Konserti geniş işıqlandırılıb, gənc musiqiçilərin çıxışları, proqramın zənginliyi və Azərbaycan musiqisinin təqdimatı yüksək dəyərləndirilib.
Məqalədə İrlandiya Kral Musiqi Akademiyasının İmtahan Ofisinin regional nümayəndəsi Marion Dalinin tədbirin ab-havasını yüksək qiymətləndirməsi və məktəbi “musiqiyə olan sevginin və istedadın inkişaf etdiyi bir məkan” kimi xarakterizə etməsi xüsusi vurğulanıb.
Azərbaycanlı musiqiçi Əşrəf Tağıyev Marion Daliyə məktəbin tələbələrinə göstərdiyi səmimi münasibətə və dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, “Anna and Ashraf” musiqi məktəbi 2024-cü ildə təsis olunub. Məktəbin təsisçiləri “Beynəlxalq Qızıl Saksafon” müsabiqəsinin prezidenti Əşrəf Tağıyev və həyat yoldaşı, məşhur saksofon ifaçısı, pedaqoq, “Beynəlxalq Qızıl Saksafon” müsabiqəsinin vitse-prezidenti Anna Stepanovadır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi “Anna and Ashraf” məktəbinin fəaliyyətinə dəstək göstərir.
Foto qalereya
Digər xəbərlər
