Azərbaycan musiqisinin Avropadan gələn sədası

13 yanvar, 2026

Azərbaycan musiqisinin Avropadan gələn sədası

İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” parçası İsveçin Lidingö musiqi məktəbinin repertuarına daxil edilib. Bu addım ölkəmizin zəngin musiqi irsinin Avropada təhsil sisteminə inteqrasiyası baxımından olduqca böyük önəm daşıyır.

Əsərin rəqəmsallaşdırılması və musiqi məktəbinin repertuarına daxil edilməsi barədə məlumat verən pianoçu Aynur Məlikova bildirib ki, “Komdenin arzuları” Arif Məlikovun yaradıcılığında xüsusi yer tutur. O, əsərin dərin emosional təsiri, yüksək bədii-estetik dəyəri və zəngin melodik quruluşu ilə seçildiyini vurğulayıb.

“Bu əsəri hər dəfə ifa etdikcə onun mənim üçün yeni çalarlar qazandığını duyuram. Sanki musiqi zaman keçdikcə daha da dərinləşir və dinləyici ilə daha güclü bağ yaradır,” – deyə digər bir ifaçı isveçli fleytaçı Katrin Sponberq qeyd edib.

İsveçli musiqiçi Günnar Blomström isə əsəri dinlədikdən sonra onu analitik baxımdan daha dərindən öyrənmək istədiyini bildirib. Onun sözlərinə görə, əsərin ton ahəngi və struktur mükəmməlliyi “Komdenin arzuları” üzərində rəqəmsal versiya hazırlanmasına ilham verib. Rəqəmsal versiyada müasir musiqi elementləri tətbiq olunsa da, orijinal kompozisiyanın ruhu və melodik xətti tam şəkildə qorunub saxlanılıb.

Qeyd edək ki, Aynur Məlikovanın təşəbbüsü ilə İsveçdə, Danimarkada və Maltada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan konsertlər təşkil edilib. Həmin konsert proqramlarında Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, Arif Məlikovun “Komdenin arzuları” əsəri də pianoçu Aynur Məlikova və isveçli fleytaçı Katrin Sponberqin ifasında səsləndirilib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər