Azərbaycan ənənəvi “Ümumdünya Həftəsi”ndə təmsil olunub
11 noyabr, 2024İngiltərənin Şeffild Universitetinin ənənəvi “Ümumdünya Həftəsi”ndə ölkəmiz də təmsil olunub. Tədbirə həmin universitetdə təhsil alan azərbaycanlı tələbələrin təsis etdiyi “Şeffild Azərbaycan Tələbə Cəmiyyəti” qatılıb.
Azərbaycan guşəsi vasitəsilə xarici tələbələrə ölkəmiz haqqında geniş məlumat verilib, Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar tarixlərdən bəhs edilib.
Onlarla xarici tələbə Azərbaycan guşəsinə və stendə yaxınlaşaraq maraqlarını ifadə edib, ölkəmizlə bağlı müfəssəl məlumat alıblar. Tədbir zamanı iştirakçılara sualların verilməsi də böyük maraqla qarşılanıb və onların ölkəmizlə bağlı daha dolğun informasiya əldə etmələrinə vəsilə olub.
“Ümumdünya Həftəsi”ndə Azərbaycanın təmsil olunması ölkəmizin tarix və mədəniyyətinin, müasir inkişafının, özünəməxsus dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyıb.
Qeyd edək ki, İngiltərədə fəaliyyət göstərən “Şeffild Azərbaycan Tələbə Cəmiyyəti”ni Şeffild Universitetində təhsil alan azərbaycanlı tələbələr 2023-cü ildə təsis edib. Cəmiyyət yarandığı gündən Azərbaycanın tarix və mədəniyyətinin, milli irsimizin təbliği istiqamətində fəaliyyət göstərir. Cəmiyyət davamlı olaraq seminarlar, sərgilər, mədəniyyət gecələri və müxtəlif interaktiv tədbirlər təşkil edərək ölkəmizi layiqincə təmsil edir.
Foto qalereya
Digər xəbərlər