Almaniyada yaşayan azərbaycanlı gəncin beynəlxalq uğuru
13 fevral, 2026
Almaniyada yaşayan azərbaycanlı tədqiqatçı Sonabəyim Hüseynzadə dünyanın ən nüfuzlu beynəlxalq təhsil platformalarından sayılan “Şvarsman Təqaüdçüləri” (Schwarzman Scholars) proqramını qazanıb. Soydaşımız bu proqrama mühəndislik sahəsindəki fəaliyyəti, humanoid və robototexnika üzrə apardığı beynəlxalq tədqiqat işlərindəki uğurlarına görə seçilib.
Proqram çərçivəsində Sonabəyim Hüseynzadə Çinin aparıcı ali təhsil müəssisələrindən biri olan Tsinxua Universitetində qlobal məsələlər üzrə tam maliyyələşdirilən magistr təhsili alacaq. Beynəlxalq siyasət, süni intellekt və yeni yaranan texnologiyaların qlobal təsirləri istiqamətində ixtisaslaşacaq. Onun elmi fəaliyyəti Yaponiya və Avropa İttifaqına üzv bir sıra ölkələrdə həyata keçirilən humanoid robotlar üzrə beynəlxalq tədqiqat layihələrini əhatə edir. Bu tədqiqatlar avtonom sistemlərin inkişafına və onların cəmiyyətə sosial inteqrasiyasına yönəlib.
Qeyd edək ki, “Şvarsman Təqaüdçüləri” proqramına hər il dünyanın müxtəlif ölkələrindən məhdud sayda namizəd qəbul olunur. Seçim prosesi liderlik potensialı, akademik göstəricilər və ictimai fəallıq meyarları əsasında aparılır.
“Bu proqrama seçilmək robototexnika və süni intellektin qlobal miqyasda yaratdığı çağırışları beynəlxalq siyasət prizmasından təhlil etmək üçün mühüm fürsətdir. Yaponiya, Avropa və Azərbaycandakı təcrübəm bu sahədə qlobal standartların formalaşdırılmasının zəruriliyini bir daha göstərib,” – deyə Sonabəyim Hüseynzadə bildirib.
Sonabəyim Hüseynzadə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Köln şəhərində keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumunda iştirak edib. Həmçinin IEEE Women in Engineering (WIE) təşkilatının Azərbaycan bölməsinin sədridir və sosial robototexnika üzrə tədqiqatçı kimi fəaliyyət göstərir. Bundan əlavə, Londonda keçiriləcək “International Conference on Social Robotics 2026” (ICSR 2026) konfransının təşkilat komitəsinin üzvüdür.
Digər xəbərlər
