ABŞ-da yaşayan idmançımız UFC ilə müqavilə imzalayıb

18.08.2022

ABŞ-da yaşayan və qarışıq döyüş növündə (MMA) mübarizə aparan azərbaycanlı idmançı Nazim Sadıxov nüfuzlu Ultimate Fighting Championship (UFC – Mütləq Döyüş Çempionatı) idman təşkilatı ilə müqavilə imzalayıb.

Bu mühüm hadisə həftənin ikinci günü onun “Dana White's Contender Series 50” yarışında qələbəsindən sonra baş verib. Soydaşımız sözügedən yarışda Ahmad Həsənzadəyə qalib gəlib.

Qeyd edək ki, Nazim Sadıxovun ailəsi Bakıdan ABŞ-ın ən böyük meqapolisi hesab olunan Nyu York şəhərinə köçüb. 28 yaşlı idmançı bu ilin martında Hyuston şəhərində keçirilən “Fury FC 59” yarışında mühüm qələbə qazanaraq, Texas ştatının çempionu olub. ABŞ-da qazandığı bütün qələbələrini tarixi vətəni olan Azərbaycana həsr edən soydaşımız hər yarışın sonunda üçrəngli bayrağımızı dalğalandırır.

Xaırladaq ki, Las-Veqasda yerləşən UFC qarışıq döyüş növü üzrə dünyamiqyaslı yarışlar təşkil edir.

Diasporla İş üzrə Dövlət Komitəsi soydaşımızı bu mühüm hadisə münasibətilə təbrik edir, ona peşəkar idmançı karyerasında parlaq və davamlı uğurlar arzulayır.