.

Berlindəki “Khari-Bülbül” Azərbaycan Mədəniyyət Evinin nəzdindəki Ana dili kurslarının müdavimləri: “Biz Azərbaycanı və Azərbaycan dilini çox sevirik!”

12.08.2022

Berlin şəhərində fəaliyyət göstərən “Khari-Bülbül” Azərbaycan Mədəniyyət Evi Almaniyada doğma dilimizin təbliği istiqamətində mühüm layihələr həyata keçirir.

Mədəniyyət Evinin nəzdində təşkil olunmuş Azərbaycan dili kurslarında aşağı və yuxarı yaş qrupları üzrə azərbaycanlıların, almanların və digər millətlərdən olan müdavimlərin təhsil alması buna bariz nümunədir.

“Khari-Bülbül" Mədəniyyət Evinin sədri, Almaniya Azərbaycanlıları Alyansının sədr müavini Sevda Badaliouri bildirib ki, bu yaxınlarda kurslarda doğma dilimizi mənimsəyən müdavimlərin iştirakı ilə videoçarx hazırlanıb. Özlərini Azərbaycan dilində təqdim edən azərbaycanlı və alman müdavimlər ölkəmizi, xalqımızı və onun dilini çox sevdiklərini ifadə ediblər, kurslarda təhsil aldıqları üçün məmnun olduqlarını vurğulayıblar.

Sevda Bədəliouri xaricdəki soydaşlarımızı öz övladlarının Azərbaycan dilini mənimsəməsi prosesində daha fəal iştirak etməyə çağırıb: “Gəlin, dilimizi birlikdə qoruyaq, ona sahib çıxaq və şirin dilimizi balalarımızdan əsirgəməyək! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan dilimiz!”

Qeyd edək ki, videoçarxda görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bizimçün tarixi amil var: Azərbaycançılıq! Özümüzün adımız var: Azərbaycan. Özümüzün dilimiz var: Azərbaycan dili. Və cox da gözəl dilimiz var. Cox  zəngin dilimiz var. Çox ləzzətli dilimiz var! Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliyini saxlayan onun dilidir!” fikrinə və Prezident İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi “Çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir” tövsiyəsinə diqqət cəlb edilib.

https://youtu.be/EtHZOw_8Rxs