.

Şuşada diaspor gəncləri ilə görüşən sabiq nazirlər: “Auditoriya çox mükəmməl idi”

11.08.2022

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüşən tanınmış Azərbaycan diplomatları təəssüratlarını bölüşüblər.

Azərbaycanın baş naziri, xarici işlər naziri və müxtəlif ölkələrdəki səfiri vəzifələrində çalışmış dövlət xadimi Həsən Həsənov III Yay Düşərgəsinin Şuşada keçirilməsi ideyasını çox yüksək qiymətləndirib: “Auditoriya çox mükəmməl idi. Başqa ölkələrdə yaşamalarına baxmayaraq, uşaqların hamısında konsepsiyanın dolğunluğu hiss olunur. Mən böyük məmnuniyyətlə bu tədbirdə işitrak etdim və  suallara böyük  həvəs cavab verdim. Bu panelin  təşkili uşaqların diplomatik və tarixi biliklərinin artmasına vəsilə olacaq”.

Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev də qeyd edib ki, Yay Düşərgəsinin keçirilməsi Azərbaycan diaspor gənclərinin diplomatiya və tarixlə bağlı təsəvvürlərinin artmasına müsbət təsir edir: “Mən son illərdə gənclərlə bir neçə dəfə təmasda olmuşam. Hesab edirəm ki, belə tədbirlərin sayı artırılmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsi son dövrlərdə diasporla iş sahəsində canlanma yaradıb. Həm yay məktəblərinin keçirilməsi, həm də müxtəlif ölkələrdə Azərbaycan Evlərinin açılması təqdirəlayiq haldır. Budapeştdə açılmış Azərbaycan Evi artıq orada yaşayanların ümumi evinə çevrilib. Gənclər və tələbələr orada müxtəlif tədbirlər keçirirlər. Bütünlükdə bu, müsbət təcrübədir. Bunu daha da inkişaf etdirmək və yaymaq lazımdır. Belə layihələr genişləndirilməli, təkcə diaspor gənclərinin yox, müxtəlif sahələr üzrə fəaliyyət göstərən diaspor gənclərinin seminarlarının keçirilməsi yaxşı olardı”.

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir. 

Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır. 

2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.