.

Diplomatlar III Yay Düşərgəsində diaspor gənclərinin xalq diplomatiyasında rolundan danışıblar

05.08.2022

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi proqramı çərçivəsində “Xalq diplomatiyasında və lobbi fəaliyyətinin qurulmasında diaspor gənclərinin rolu” mövzusunda panel iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun moderatorluğu ilə aparılan panel iclasında Azərbaycanın baş naziri, xarici işlər naziri və müxtəlif ölkələrdəki səfiri vəzifələrində çalışmış dövlət xadimi Həsən Həsənov, Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxış ediblər.

Xalq diplomatının malik ola biləcəyi cəhətlərə diqqəti cəlb edən məruzəçilər xaricdə yaşayan azərbaycanlı gənclərin siyasi və diplomatik biliklərə, Azərbaycan tarixi və xalqımızın milli-mənəvi dəyərləri barədə geniş məlumata malik olmasının vacibliyindən danışıblar.

“Əgər siz yaşadığınız cəmiyyətlərdə Azərbaycanı təmsil etmək istəyirsinizsə, mütləq bu bilikləri mənimsəməlisiniz. Həmin biliklərə yiyələnməyin bir yolu da belə layihələrin təşkil edilməsindən keçir”, - deyə Həsən Həsənov bildirib.

Vilayət Quliyev qeyd edib ki, artıq Azərbaycanın keyfiyyətcə yeni diasporu yaranır: “Bu baxımdan həm yaşadığınız ölkənin dilini, həm də ana dilini bilməyiniz vacibdir. Daha geniş əlaqələrə malik olduğunuz halda həm o cəmiyyətə, həm də Azərbaycana faydalı olacaqsınız”.

Fəxrəddin İsmayılov diaspor gənclərini ünsiyyət bacarıqlarını artırmağa çağırıb.

Yalçın Rəfiyev isə Azərbaycanın multikultural və tolerant ölkə olmasının diaspor təşkilatlarının ölkəmizi təbliğ etməsi üçün əlavə üstünlük olduğunu vurğulayıb.

Panel iclası qarşılıqlı fikir mübadiləsinin aparılması ilə davam edib.