.

III Yay Düşərgəsinin ilk günü: Azərbaycan dili təlimi, panel iclasları, Şuşa turu, intellektual və əyləncəli oyunlar

03.07.2022

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin ilk günü səhər idmanından başlayıb.

Yoqa üzrə ixtisaslaşmış təlimçi Ruqiyyə Əşrəflinin apardığı dərs gənclərimizə Şuşadakı ilk səhəri gözəl əhval-ruhiyyə ilə açmağa kömək edib.

Sonra Avropa Şurasının Gənclər departamentinin Təlimçilər Şəbəkəsinin baş təlimçisi Pərvanə Məmmədova düşərgə iştirakçılarını günün proqramı barədə məlumatlandırıb.

Proqrama əsasən, düşərgə iştirakçılarına Azərbaycan dili təlimi təşkil edilib. Təlimi Azərbaycan Dillər Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi Səbinə Əliyeva tədris edir. Təqdirəlayiqdir ki, düşərgə iştirakçıları, xüsusilə də xaricdə doğulub böyüyən gənclər arasında doğma dilimizi mükəmməl bilənlər olsa da, 115 nəfərin hər biri Azərbacan dili təliminə qatılıb. İlk dərsdə gənclərimiz Azərbaycan dilində yaşadıqları ölkə, təhsilləri, iş təcrübələri, nailiyyətləri və diaspor fəaliyyətləri barədə məlumat veriblər. Gənclərimizin doğma dilimizdə çıxışları maraqla qarşılanıb.

Proqram “Azərbaycan diasporu və dövlət gənclər siyasəti” və “Dövlət Qurumları ilə ictimai əlaqələrin qurulması” mövzularında panellərlə davam edib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəblinin moderatorluqları ilə aparılan panel işlaslarında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, “Teknofest Azerbaijan” Aerokosmik və Texnologiya Festivalının qalibi Rauf Heydərli, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev çıxış ediblər.

Panel iclaslarında Azərbaycan dövlətinin diaspor və gənclərlə iş sahəsində gördüyü işlər barədə ətraflı məlumat verilib, diaspor gənclərinin xaricdə ölkəmizin qeyri-rəsmi səfirləri olduqları, beynəlxalq tədbirlərdə tarixi vətənlərini ləyaqətlə təmsil etdikləri vurğulanıb. 44 günlük Vətən müharibəsi dönəmində xalqımızın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə fədakarlıqla çatdıran gənclərimizə minnətdarlıq ifadə edilib. Müstəqil Azərbaycan dövlətinə qarşı yönələn təhdidlərin və məqsədyönlü təxribatların önünün alınmasında gənclərin roluna diqqət cəlb edilib və bu istiqamətdə fəallıq göstərilməsi yollarından danışılıb.

Panellər gənclərlə interaktiv sual-cavab formatında aparılıb.

Düşərgə gənclərinin ilk günü Şuşa turu və əyləncəli proqramla başa çatıb. İsa bulağından yaşadıqları ölkələrə su payı götürən gənclərimiz Şuşanın bütün tarixi məkanlarında “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.