.

Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 125 illiyi qeyd edilib

28.07.2022

Rusiya Federasiyasının Mahaçqala şəhərində Dağıstan Respublikasının və Azərbaycan Respublikasının görkəmli dövlət xadimi Əziz Əliyevin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Milli Siyasət və Dini İşlər Nazirliyinin konfrans zalında baş tutan tədbir Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilib. Tədbirdə icra hakimiyyətlərinin, ictimai və milli mədəniyyət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri və Rusiyanın digər bölgələrindən gələn qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan milli siyasət və dini işlər naziri Enrik Müslümov bildirib ki, II Dünya müharibəsinin ağır dönəmində Dağıstana rəhbərlik etmiş Əziz Əliyev hər iki respublikanın görkəmli oğullarından biridir: “Əziz Əliyev Dağıstanın mədəniyyətinin, iqtisadiyyatının, səhiyyəsinin, elminin və təhsilinin inkişafına, onun müstəqil və vahid çoxmillətli respublika kimi dövlət statusunun qorunub saxlanmasına böyük töhfələr verib”.

Sonra tədbirdə respublikanın Xalq Məclisinin milli siyasət, ictimai və dini birliklər və parlamentlərarası əlaqələr üzrə komitəsinin sədri Anatoli Karibov, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Regional Muxtariyyətlərlə İş Komitəsinin sədri Rafael Babayev, Rusiya Xarici İşlər Nazirliyinin Mahaçqaladakı nümayəndəliyinin II katibi Maqomed Adjiev, “Dərbənd şəhər” şəhər dairəsi rəhbərinin müavini Vidadi Zeynalov, Rusiyanın xalq artisti Ayqum Ayqumov, “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Kislovodskdakı sədri Asif Musayev, Pyatiqorskdakı sədri Təhmasib Zeynalov, Kabardin-Balkar Respublikasındakı sədri Əli Dadaşov, Qaraçay-Çərkəz Respublikasında Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Haqverdi Məmmədov, “İmam Şamil Fondu”nun prezidenti Əliəshəb Xarxaçayev, Mahaçqala şəhəri Azərbaycanlılarlı Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov və başqaları çıxış ediblər. Onlar Əziz Əliyevin mənalı ömür yolundan, Azərbaycanda dövlət idarəçiliyinin formalaşmasında, səhiyyə sisteminin və tibb təhsilinin təkmilləşdirilməsində xidmətlərindən danışıb, tədbirin təşkilinə görə Rusiyada yaşayan azərbaycanlılar adından minnətdarlıqlarını bildiriblər.

“İnquşetiya Xalqları Assambleyası”nın fəxri nümayəndəsi Mədinə Barxoyeva İnquşetiya Respublikasının xarici əlaqələr, milli siyasət, mətbuat və informasiya naziri Vaxi Bekovun tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Tədbir Azərbaycanın görkəmli oğlunun Mahaçqaladakı abidəsinin ziyarət olunması ilə yekunlaşıb. Tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzüb, Əziz Əliyevin xatirəsini ehtiramla yad ediblər.