.

İsveçdəki məşhur jurnalda Azərbaycan dilindən bəhs edilib

13.07.2022

İsveçdə nəşr olunan “Språktidningen” (Dil haqqında) elmi-kütləvi jurnalının iyun buraxılışında Azərbaycan dilindən bəhs edən məqalə dərc olunub.

Jurnalın “Dil və natiq” bölümündə dərc olunan “Man hör språket överallt” (“Hər yerdə dili eşidirsən”) sərlövhəli məqalədə Azərbaycan dilinin tarixi, əlifbası, qrammatikası, əhatə etdiyi çoğrafiyası, bu dildə danışanların sayı barədə ətraflı məlumat verilib, kiçik lüğət təqdim edilib. “Azərbaycan və Türk dilləri bir-birinə İsveç və Norveç dilləri qədər yaxındır. İsveçlilər bunu biləndə çox vaxt təəccüblənirlər”, - deyə müəllif vurğulayıb.

Məqalədə Stokholm bələdiyyəsinə məxsus məktəb və gimnaziyalarda doğma dilimizi tədris edən Azərbaycan dili müəllimi Sevinc Nemətovanın fikirlərinə yer verilib. Soydaşımız bildirib ki, dilimiz öz mahiyyəti, ecazkarlığı, şirinliyi və axıcılığı ilə seçilir. Dünyanın müxtəlif ölkələrində Azərbaycan dilində danışan 50 milyondan çox azərbaycanlının yaşadığı vurğulanıb.

Qeyd edək ki, Sevinc Nemətova "Odlar Yurdu" İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin sədri, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvüdür.