.

Qırğızıstan paytaxtında erməni təxribatının qarşısı alınıb

08.07.2022

Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun müdaxiləsi nəticəsində Bişkek şəhərindəki “Kino Evi”ndə Fransa-Ermənistan-Belçika istehsalı olan təxribat xarakterli “Əgər külək əsərsə” (“Si Le Vent Tombe”) filminin nümayişi baş tutmayıb.

Bu barədə “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev və Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyinin sədri Xansıvar Baxşəliyev məlumat veriblər. Bildirilib ki, bu, diaspor rəhbərlərinin ölkənin mədəniyyət, informasiya və turizm naziri Cavankul Azamat, “İssık-Kul Forumu” Beynəlxalq İctimai Birliyinin rəhbəri Askar Aytmatov və Çinqiz Aytmatov adına Respublika Kino Evinin direktoru Gülmira Kərimova ilə apardıqları danışıqlardan sonra mümkün olub. Soydaşlarımız təxribat xarakterli filmin türk dövlətində nümayiş olunmasına kəskin etirazlarını bildiriblər və diasporumuzun duruma uyğun müvafiq addımlar atacaqları barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, erməni rejissoru Nora Martirosyanın çəkdiyi filmdəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında cərəyan edir. Film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsi məqsədilə ərsəyə gətirilib.

“Alliance Francaise Bişkek” şirkətinin təşkilatçılığı ilə fransız dilində çəkilən filmin rusca alt yazısı ilə 8 iyul 2022-ci il tarixində saat 11.00-da Bişkek şəhərində yerləşən “Kino Evi”ndə tamaşaçılara təqdim olunması nəzərdə tutulmuşdu.