...

Şəhriyar Nəsirov: “Dövlət Komitəsi ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz üçün birlik və həmrəylik mərkəzinə çevrilib”

05.07.2022

Çilinin Adolfo İbanez Universitetinin Elm və mühəndislik fakültəsinin professoru Şəhriyar Nəsirov Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Azərbaycanlı alimin Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, 20 il ərzində qurum ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz üçün birlik və həmrəylik mərkəzinə çevrilib: “Saysız-hesabsız layihələr və tədbirlər, xüsusilə Vətən müharibəsi ərzində diasporumuzun bir yumruq kimi birləşərək, dövlətimizə və ordumuza dəstəyi görülmüş işlərin nəticəsi kimi dəyərləndirilməlidir. Güclü, qüdrətli və müstəqil Azərbaycan dövləti, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının əsas qürur mənbəyidir. Mən də uzun illərdir xaricdə yaşayan azərbaycanlı elm adamı kimi, ölkəmizin daha da inkişaf etməsi, azad olunmuş torpaqlarımızın, Qarabagımızın yenidən qurulması və vətəndəki həmkarlarımla təcrübə mübadiləsi aparılması istiqamətində öz səylərimi göstərirəm və gələcəkdə də bu fəaliyyətə hazıram.

Hörmətli sədr! Sizi və əməkdaşlarınızı 20 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, Komitənin bundan sonra da möhtəşəm tədbirlərə və layihələrə imza atacağına və Azərbaycanımızı dünyada tanıtmaqda bizə dəstək olacağına inanıram”.