...

Yeganə Cəfərova: “İndi öz fəaliyyətini hərtərəfli quran güclü Azərbaycan diasporu formalaşıb”

04.07.2022

Kanadanın Toronto şəhər Təhsil Mərkəzinin Xarici Dillər Bolməsinin Azərbaycan Dili sinfinin rəhbəri və müəllimi Yeganə Cəfərova yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Azərbaycan Dili sinfinin rəhbərinin adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, Vətənimiz və dünya azərbaycanlıları üçün yaddaqalan, tarixə yazılan əlamətdar günlərdən biri də təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Komitənin 20 illik yubileyidir: “Uzun illər xaricdə yaşayan fəal diaspor nümayəndəsi olaraq Vətənimizin haqq səsini və həqiqətlərini Kanada ictimaiyyətinə və siyasətçilərinə çatdırıram. Artıq 16 ildir Toronto məktəbində Azərbaycan dilini, mədəniyyətini və tarixini tədris edirəm. Komitənin köməyi ilə dünyanın müxtəlif ölkələrində yaşayan və ürəyi vətənlə döyünən diaspor nümayəndələri II Qarabağ müharibəsi dövründə bir yumruq kimi birləşdi. Yaşadığımıız ölkələrin həm meydan və küçələrində yürüşlər etdik, həm də sosial şəbəkələrdə Qarabağ həqiqətlərini dünyaya bəyan etdik. Komitənin bütün əməkdaşları gecə-gündüz bizimlə birgə yorulmadan çalışdılar. Möhtərəm Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəşadətli ordumuzun şücaəti nəticəsində torpaqlarımızın azadlığı bərpa olundu”.

Soydaşımız xatırladıb ki, mədəniyyətimizin paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmək səadəti ona da nəsib olub: “Qurultaya dəvət alan və qəhrəman əsğərlərimizin min bir əzab-əziyyətlə Şuşamıza qalxdıqları Zəfər Yolu ilə gedən qurultay nümayəndələri arasında mən də vardım. Zəfər Qurultayinda “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunanlar arasında olmağım Dövlət Komitəsinin mənə göstərdiyi yüksək etimadın nəticəsidir”.

Qeyd edib ki, indi öz fəaliyyətini hərtərəfli quran güclü Azərbaycan diasporu formalaşıb: “Dünyada yaşayan diaspor ordusunun daha mühüm, möhtərəm Prezidentimizin Zəfər Qurultayında bizlərə bəyan etdiyi tövsiyələrlə gələcək fəaliyyətimizin xəritəsi müəyyən olunub. Diaspor Komitəsinin bu mühüm işlərdə böyük dəstəyinin olması bizim fəaliyyətimizə əhəmiyyətli təkan verəcək. Sizi və Komitənin bütün əməkdaşlarını yubiley münasibətilə təbrik edir, çoxşaxəli fəaliyyət istiqamətində davamlı uğurlar arzulayıram”.