...

Azərbaycan Kalqaridə keçirilən multikultural festivalda təmsil olunub

04.07.2022

Kanadanın Alberta vilayətinin Kalqari şəhərində keçirilən Kinqslend-Triko multikultural festivalında “Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti” (“ALACS”) iştirak edib.

Kalqari şəhərində ənənəvi olaraq hər il təşkil edilən festival çoxsaylı müxtəlif icmaların mədəni dəyərlərinin nümayiş etdirilməsi və yerli cəmiyyətin maarifləndirilməsi məqsədinə xidmət edir.

Cəmiyyətin üzvü İradə Şamilovanın koordinasiyası və könüllülərin təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində milli mədəniyyətimizi əks etdirən əl işləri və suvenirlər sərgilənib. Azərbaycan guşəsini ziyarət edən qonaqlara ölkəmiz haqqında ətraflı məlumat verilib. “Azeri Calgary Stars” və “Spirit of Land of Fire” rəqs qruplarının ifasında milli rəqslərimizin təqdim olunması maraqla qarşılanıb.

İradə Şamilova bildirib ki, Azərbaycan guşəsi və konsert proqramı festival ziyarətçilərinin ölkəmizə marağını artırıb. Qeyd edib ki, “ALACS” Alberta vilayətində təşkil ediləcək digər festivallarda da ölkəmizi təmsil etməyi planlaşdırır.