...

Niderland telekanalında Azərbaycan Silahlı Qüvvələri Günündən bəhs edilib

28.06.2022

Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən “Life24” televiziya kanalında 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş proqram yayımlanıb.

“Can Azərbaycan” proqramının qonaqları Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov və sədr müavini, tanınmış rəssam Rasim Hüseynov olublar.

Xalqımızı bayram münasibətilə təbrik edən soydaşlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vətənimizin torpaqlarını erməni işğalından azad edən, ərazi bütövlüyünü bərpa edən şanlı Azərbaycan Ordusu ilə qürur duyduqlarını bildiriblər. 44 günlük Vətən müharibəsi və post-müharibə dövründə Niderlandda fəaliyyət göstərən diasporumuzun türk icmaları ilə birgə ölkəmizə göstərdikləri maddi və mənəvi dəstək, BAK-ın 16 illik fəaliyyəti, Azərbaycan diasporunun son illərdəki uğurlu fəaliyyəti barədə ətraflı məlumat verilib. Dünya Azərbaycanlılarının V Qurultayının qədim Şuşa şəhərində keçirilməsinin əhəmiyyətindən danışarkən Azərbaycan Prezidenti İlham Əliyevin mötəbər tədbirdə çıxışı zamanı səsləndirdiyi tövsiyələrə diqqət cəlb edilib.

“Biz dövlət başçımıza, xalqımıza, ordumuza və diasporumuza inanırıq. Azərbaycan diasporunun birliyinə bütün Avropa şahiddir. Son üç il ərzində diasporumuzun keçirdiyi tədbirlərin miqyası genişlənib. Bizim tədbirlərimizə qatılan niderlandlıların sayı getdikcə artmaqdadır”, - deyə E.Məmmədov əlavə edib.

1999-cu ildən Niderlandda yaşayan rəssam Rasim Hüseynovun müxtəlif sərgilərdə nümayiş etdirilən əsərləri vasitəsilə Azərbaycan mədəniyyətini, incəsənətini və Qarabağ həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmağa çalışdığı vurğulanıb.

Qeyd edək ki, “Can Azərbaycan” proqramının aparıcısı Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, "Beynəlxalq Azərbaycanlı Qadınlar Klubu"nun rəhbəri Kəmalə Ceylinovadır.

Proqramı ətraflı şəkildə aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=F_HdK5TlUdw