...

Azərbaycan diasporuna ağır itki üz verib

21.06.2022

Azərbaycan diasporuna ağır itki üz verib.

Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İndiana Universitetinin nəzdindəki Ceykobs musiqi məktəbinin müəllimi Aida Hüseynova ömrünün 58-ci ilində vəfat edib.

Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Sankt-Peterburq Konservatoriyasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, ABŞ və Böyük Britaniyanın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və Kembric universitetlərində mühazirələr oxuyub. Onun təşəbbüsü ilə Ceykobs musiqi məktəbində “İpək Yolu xalqlarının musiqisi” və “Musiqidə Şərq və Qərbin rastlaşması” fənləri yaradılıb.

Beş kitab və 200-dən çox məqalənin müəllifi olan həmyerlimiz Endryu Mellon, Fulbrayt təqaüdlərinə, eləcə də ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təqaüdlərə layiq görülüb.

San-Fransiskoda keçirilən Dünya Musiqisi Festivalının məsləhətçilər şurasının üzvü, İpək Yolu Ansamblının, Kronos kvartetinin Azərbaycan musiqisinə aid olan layihələrində, Mark Morris Rəqs Qrupunun, Üzeyir Hacıbəyilinin "Leyli və Məcnun" operasını təqdim edən irihəcmli layihənin elmi məsləhətçisi, ABŞ-ın Kollec Musiqi Cəmiyyətinin idarə heyətinin üzvü, Azərbaycan Milli Musiqi Şurasının baş katibi olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Aida Hüseynovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, yaxınlarına və ABŞ-da yaşayan soydaşlarımıza dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Aida Hüseynovanın 2019-cu ildə Diaspor TV-yə müsahibəsi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

https://www.youtube.com/watch?v=uvq9bxCdlAg&t=12s