...

Berndə 28 May – Müstəqillik Günü və Azərbaycanla İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilib

01.06.2022

İsveçrənin Bern şəhərində 28 May – Müstəqillik gününə və Azərbaycan-İsveçrə diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir və konsert keçirilib.

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət strukturlarının rəsmiləri, diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiriciləri Leyla Bağırzadə və Əkbər Gəncə iştirak edblər.

İki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov və Bern şəhərinin meri Alek fon Qraffenrid xalqımızı Müstəqillik Günü münasibətilə təbrik ediblər. 104 il öncə Şərqdə ilk dəfə demokratik və dünyəvi dövlətin Azıərbaycanda qurulduğuna, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir və güclü Azərbaycan dövlətinin regional və qlobal proseslərdə mühüm yer tutduğuna diqqət cəlb edilib. Post-müharibə dönəmində Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün bərqərar olması naminə Azərbaycanın atdığı addımlar nəzərə çatdırılıb.

Natiqlər Azərbaycanın İsveçrə üçün etibarlı tərəfdaş olduğunu, ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini, dünyada baş verən iqtisadi, təhlükəsizlik, iqlim və digər çağırışların fonunda ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinin önəmini vurğulayıblar. “Müstəqillik Günü hər bir xalqın tarixində ən önəmli günlərdən biridir. Azərbaycanın Müstəqillik Gününün bizim şəhərdə qeyd edilməsi hər bir sakinimiz üçün böyük əhəmiyyət kəsb edir. Çox şadam ki, Azərbaycan müstəqilliyini bərpa edəndə, onu tanıyan ilk ölkələrdən biri də İsveçrə olub”, - deyə Bern şəhər meri bildirib.

Konsertdə Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu çıxış edib. Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), muğam müsabiqəsinin qalibi Gülzar Fərəcova və Ceyla Seyidovanın (violin) ifasında Azərbaycan muğamları, xalq mahnıları, Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim edilib.