...

Qurultay nümayəndələri: “Zəfər qurultayında möhtəşəm hisslər yaşadıq”

01.06.2022

“Mədəniyyət mərkəzimiz, milli mənlik simvolumuz və qürur məkanımız olan gözəl Şuşamızda keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında istirak etmək mənim üçün böyük şərəf idi. Bu hissləri biz dunya azərbaycanlılarına yaşatdığı üçün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm”.

Bu fikirləri “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədr müavini Sevda Badaliouri (Qəribova) deyib.

Onun sözlərinə görə, Prezident qurultaydakı çıxışında Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoydu ki, onlardan biri də ana dilimizin qorunması üçün görüləcək işlərdir: “Çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu o qədər də asan məsələ deyil. Ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq bu kifayət deyil. Ona görə həftəsonu Azərbaycan məktəblərinin açılması istiqamətində işlər davam etdirilməlidir. Çünki ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. Biz də Almaniyanınn Berlin şəhərində “Xarı bülbül” Mədəniyyət Evində yaratdığımız ana dili kurslarında Prezidentimizin bu tapşırığını böyük məmnuniyyətlə yerinə yetiririk”.

İstanbuldakı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəbin direktoru Məhsəti Özyürək Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsini tarixi hadisə adlandırıb: “ Mən özüm Qarabağ torpağında doğulub böyüsəm də, torpağımdan ayrı düşmüşdüm. 30 ilə yaxın müddət keçəndən sonra ilk dəfə Qarabağ torpağına Şuşada ayaq basdım. Uzun illərdən sonra dünyanın dörd tərəfindən Vətənə üz tutmuş azərbaycanlılar Şuşada bir araya gəldi, Cıdır düzündə toplandı. V Qurultayın Zəfər qurultayı adlandırılması da təqdirəlayiq haldır. Zənnimcə, qurultay çox məhsuldar keçdi. Həm diaspor nümayəndələri ilə tanış olduq, həm də Komitə rəhbərliyi ilə, digər qurumların rəhbərləri ilə birbaşa ünsiyyət qurduq, bir çox məsələlər barədə müzakirələr apara bildik. Şuşada olduğum üçün, qurultayda iştirak etdiyim üçün özümü şanslı hesab edirəm. Bunun üçün Komitə rəhbərliyinə təşəkkür edirəm. Arzu edirəm ki, Şuşada, Qarabağda diaspor üçün tədbirlər hər il keçirilsin”.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Spivak Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayına dəvət olunduğuna görə Prezident İlham Əliyevə və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib: “Zəfər qurultayında iştirak etmək və 30 il həsrətdən sonra milli kimliyimizin simvolu olan azad Şuşamızı ziyarət etmək şərəfinə nail oldum. Belə tədbirlərin keçirilməsi, Şuşaya səfərlərin təşkil edilməsi xüsusi önəm kəsb edir. Mən inanıram ki, Zəfər qurultayı bizim hazırda apardığımız, həyata keçirdiyimiz siyasətə öz ciddi töhfəsini verəcək. Biz xalq olaraq bundan sonra da qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq”.

“Yeşil İğdır” və “15 Temmuz” qəzetlərinin təsisçi-baş redaktoru Cabbar Şıktaş Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi kimi tarixi ana şahidlik etməkdən qürur duyduğunu vurğulayıb: “65 ölkədən 400-ə yaxın iştirakçının qatıldığı tədbir çox möhtəşəm təşkil olunmuşdu. Şuşanın Zəfər qurultayına ev sahibliyi etməsi düyaya səs saldı. Türkiyəyə qayıtdıqdan sonra apardığım araşdırma nəticəsində gördüm ki, erməni diasporu və Ermənistan bu tədbiri addım-addım izləyib. Bu, bir daha sübut edir ki, biz yol xəritəmizi doğru seçmişik. Bu anları bizlərə yaşatdığına və Qurultayda iştirakıma görə hörmətli cənab Prezidentimizə və Komitə sədri cənab Fuad Muradova dərin təşəkkürümü bildirirəm”.

“Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəbiyyə Nəbiyeva da qeyd edib ki, Zəfər qurultayı Azərbaycan diasporu üçün yeni bir yol xəritəsi olacaq: “Həm Şuşaya getmək, həm də Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmək mənim üçün fəxr idi. Oradan çox gözəl təəssüratlarla ayrılmışam. Düzdür, Şuşadakı dağıntıları görəndə insanın qəlbi ağrıyır, ancaq bir tərəfdən də quruculuq-bərpa işlərinin aparılması insanı fərəhləndirir. Bütün çətinliklərə baxmayaraq, Qurultay çox gözəl təşkil olunmuşdu”.

Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal da hesab edir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşada Zəfər Qurultayındakı çıxışı Azərbaycan diasporu üçün yol xəritəsidir: “Qurultayda iştirak edən hər bir soydaşımız öz fəaliyyətlərində bu fikirlərə əsaslanmalıdır. Biz yeni dönəmin reallıqlarına uyğun və daha ciddi şəkildə fəaliyyət göstərməliyik. Xarici media ilə əlaqələrimizi sıxlaşdırmalı, dövlət başçısının dediyi kimi, Azərbaycan həqiqətlərini, post-müharibə dövrünün reallıqlarını, eləcə də tariximiz və digər məsələləri xarici cəmiyyətlərə anlatmalıyıq”.