...

Udmurtiyada 28 May – Müstəqillik Günü münasibətilə tədbirlər təşkil edilib

01.06.2022

Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.

Udmurtiyada fəaliyyət göstərən “Dostluq” Azərbaycan İctimai Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirlər Kosmonavtlar Parkı və “Rus Evi” mədəniyyət mərkəzində baş tutub. Tədbirlərdə Udmurtiya milli siyasət nazirinin müavini Aleksandr Filatov, Dövlət Məclisinin elm, təhsil, mədəniyyət, turizm və milli siyasət üzrə daimi komissiyasının sədri, “Udmurt Keneş” Ümumudmurt Assosiasiyası Regionlararası İctimai Təşkilatının rəhbəri Tatyana İşmatova, Sənaye dairəsi administrasiyasının rəhbəri Lyubov Zaytseva, yerli ictimaiyyətin, Azərbaycan və digər icmaların nümayəndələri iştirak ediblər.

Bayram tədbiri parkdakı “Azərbaycan bağı”nda mazı (tuya) ağacının əkilmə mərasimi ilə başlayıb. Ağacı “Dostluq” Azərbaycan İctimai Mərkəzinin sədri Zülfiqar Mirzəyev nazir müavini Aleksandr Filatov və digər rəsmi şəxslərlə birlikdə əkiblər.

Qeyd edək ki, "Azərbaycan bağı"nın açılışı ötən il mayın 28-də olub. İcmamızın təşəbbüsü ilə bağda səkkizguşəli ulduz şəklində "Buta" abidəsi qurulub, Qobustanın qayaüstü rəsmlərinin dekorativ heykəltəraşlığı öz əksini tapıb. Parkda yerləşdirilən böyük daş abidənin üzərində həkk olunan xəritədə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimiz də göstərilib.

Tədbirdə çıxış edən Aleksandr Filatov və digər rəsmi şəxslər bayram münasibətilə soydaşlarımızı və xalqımızı təbrik ediblər. Azərbaycan icmasının respublikanın milli müxtəlifliyinə və mədəni həyatına verdiyi töhfələr yüksək qiymətləndirilib, soydaşlarımızın ünvanına xoş arzular ifadə edilib.

“Dostluq” Azərbaycan İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev böyük tarixi əhəmiyyət kəsb edən günün sevincini Azərbaycan icması ilə birlikdə bölüşdükləri üçün respublika rəhbərliyinə və şəhər ictimaiyyətinə minnətdarlığını bildirib. Qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib. “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə çoxəsrlik mədəniyyətə və adət-ənənələrə malik Azərbaycan xalqı layiq olduğu milli təsisatlara qovuşdu və yeni - hüquqi dövlət statusu qazandı. Bu gözəl milli bayram münasibətilə hər kəsi təbrik edir, tarixi Vətənimizə çiçəklənmək və firavanlıq çiçəklənmək arzulayıram!”, - deyə mərkəz rəhbəri bildirib.

Tədbir dünya şöhrətli müğənni-bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Sən mənim melodiyamsan” festival-müsabiqəsinin final mərasimi ilə davam edib. Konsertdə Azərbaycan, rus, udmurt, tatar və mari icmalarının yaradıcı kollektivləri, o cümlədən “Dostluq” Azərbaycan İctimai Mərkəzinin instrumental ansamblı da çıxış edib. Finalçılar əfsanəvi müğənninin repertuarından "Noktürn", "Yadımda olana qədər yaşayıram", "Gözəllik kraliçası", "Yer üzünün ən yaxşı şəhəri", "Mavi əbədiyyət" və digər mahnıları ifa ediblər.

Peşəkar münsiflər heyətinin qərarı ilə festival-müsabiqənin Qran-Pri mükafatına soydaşımız Pərviz Mahmudov layiq görülüb. Qaliblərə və iştirakçılara diplom və pul mükafatlarını Udmurt Respublikasının əməkdar artisti Aleksey Qorodilov və mərkəzin sədri Zülfiqar Mirzəyev təqdim ediblər. Bu festival-müsabiqənin hər il Azərbaycanın Müstəqillik Günündə keçirilməsi qərara alınıb.

Bayram çərçivəsində respublika üzrə dama və uzun nərd turnirləri də keçirilib. Turnirlərdə çuvaş, yəhudi, rus, mari, başqırd, Azərbaycan, belarus, tatar milli-mədəni birlikləri, Dağıstan Xalqları Assosiasiyasını, Şəhər Veteranlar Şurasını, İjevsk şəhərinin Pervomayski rayon Veteranlar Şurasını, “İqroş” klubunu və paytaxt liseyinin təmsil edən 50 idmançı iştirak edib. Onların arasında Rusiya və SSRİ-nin əməkdar məşqçisi, dama üzrə dəfələrlə Udmurtiya çempionu olan Rudolf Çebışev də olub.

Yəhudi Mədəniyyəti İctimai Mərkəzinin nümayəndəsi Yakov Korman və “Dostluq” Azərbaycan İctimai Mərkəzinin nümayəndəsi Elçin Qliyev dama və nərd üzrə respublika turnirinin qalibləri olub. Turnirin bütün qaliblərinə kubok və diplomlar təqdim olunub.