...

28 May – Müstəqillik Günü Norveçdəki soydaşlarımızı bir araya gətirib

01.06.2022

Norveçin qədim şəhərlərindən biri olan Stavangerdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Norveç-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Stavanger şəhərində yaşayan azərbaycanlılar və təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin sədaları altında Azərbaycan bayrağının qaldırılması mərasimi ilə başlayıb.

Sonra cəmiyyətin idarə heyətinin üzvü Ellada Langen çıxış edərək, tədbir iştirakçılarını və xalqımızı bayram münasibətilə təbrik edib, müsəlman aləmində dünyəvi və demokratik respublikanın ilk dəfə Azərbaycanda yaradılmasını qürurverici hadisə adlandırıb. Müasir Azərbaycan dövlətinin və xalqımızın AXC-nin mirasına ləyaqətlə sahib çıxdığı və Cümhuriyyət qurucularının xatirəsini əbədiləşdirdiyi vurğulanıb. “Vətəndən uzaqda yaşasaq da, Müstəqillik Gününü həmvətənlərimizlə birlikdə qeyd etdiyimiz üçün çox sevincliyik. Bu əziz gündə doğma xalqımıza və Azərbaycan dövlətinə mustəqilliyimizin dönməz və əbədi olmasını arzulayırıq”, - deyə cəmiyyət sədri söyləyib.

Tədbir soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirən “Yallı” rəqsi ilə başa çatıb.