...

Yekaterinburqda 28 May – Müstəqillik Günü və “Şuşa İli” qeyd edilib

01.06.2022

Rusiyanın Yekaterinburq şəhərində 28 May – Müstəqillik Gününə və "Şuşa İli”nə
həsr olunmuş təntənəli tədbir keçirilib.
Ölkəmizin Yekaterinburqdakı Baş konsulluğunun təşkilatçılığı və Azərbaycan
diasporunun iştirakı ilə baş tutan tədbirdə Sverdlovsk vilayətinin rəsmi şəxsləri,
diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Yekaterinburq
şəhərində təhsil alan fəal azərbaycanlı tələbələr iştirak edblər.
Azərbaycan və Rusiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə
Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Sverdlovsk vilayətinin
Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkina, Beynəlxalq xarici iqtisadi
əlaqələr nazirinin müavini Lyudmila Berq, diplomatik korpusun duayeni,
Özbəkistanın Baş konsulu Abdusalom Xatamov, Azərbaycan-Ural İctimai Milli-
Mədəni Təşkilatının sədri Şahin Şıxlinski çıxış ediblər. Natiqlər bayram
münasibətilə Azərbaycan icmasını və xalqımızı təbrik ediblər.
Bildirilib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi, demokratik
respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması xalqımızın
qədim dövlətçilik tarixinə böyük hadisə kimi daxil olub və AXC-nin 23 aylıq qısa
fəaliyyəti dönəmində ölkəmiz dünya birliyi tərəfindən müstəqil dövlət kimi
tanınıb.
XX əsrin sonlarında xalqımızın dövlət müstəqilliyini bərqərar etdiyi, ümummilli
lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanın dövlət
müstəqilliyinin qorunub saxlanıldığı, sabitliyin tam təmin olunduğu, bütün
istiqamətlər üzrə inkişafın bünövrəsinin qoyulduğu, Azərbaycan Prezidenti İlham
Əliyevin bu siyasi kursu böyük uğurla davam etdirdiyi, hazırda Azərbaycan
Respublikasının dünyada böyük nüfuz sahibinə çevrildiyi nəzərə çatdırılıb.
Sülhpərvər və mehriban qonşuluq siyasətinə böyük əhəmiyyət verən ölkəmizin hər
zaman Rusiya Federasiyası ilə münasibətlərini yüksələn xətt üzrə inkişaf etdirdiyi,
xalqlarımız arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq
əlaqələrinin qorunub saxlanıldığı, ölkə başçılarımız arasındakı yaxın dostluq
əlaqələrinin də qarşılıqlı münasibətlərə çox böyük töhfələr verdiyi vurğulanıb.
Şuşa ili çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş
fotosərgi nümayiş etdirilib. Qonaqlara Azərbaycanın Qarabaq bölgəsinin azadlıq
rəmzinə çevrilmiş Xarı bülbül, Azərbaycan-Rusiya bayraqlarından ibarət döş
nişanları, xanımlara Xarı bübül təsvirli kəlağayılar və çay dəstləri təqdim olunub.