...

Kanadanın Hamilton şəhərində Azərbaycan bayrağı qaldırılıb

30.05.2022

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümü münasibətilə Kanadanın Ontario vilayətinin Hamilton şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Şəhər meriyasının binası üzərində Azərbaycan bayrağının qaldırılması mərasimi ölkəmizin Dövlət Himninin səsləndirilməsi ilə müşayiət olunub. Təntənəli mərasimdə Hamilton şəhər meriyasının rəsmi şəxsləri və soydaşlarımız iştirak ediblər.

Mərasimdə çıxış edən şəhər meri Fred Ayzenberqer ölkəmizin Müstəqillik Günü münasibətilə Kanadada yaşayan Azərbaycan icması üzvlərini təbrik edib və xoş arzularını bildirib.

Soydaşlarımız qürur hissi ilə qeyd ediblər ki, müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət məhz Azərbaycanda qurulub. AXC-nin 23 aylıq fəaliyyəti dövründə demokratik islahatların həyata keçirildiyi, hətta bir sıra Qərb ölkələrindən öncə qadınlara səsvermə hüququ verildiyi barədə müfəssəl məlumat verilib. Müasir Azərbaycan dövlətinin və xalqımızın AXC mirasına ləyaqətlə sahib çıxdığı və Cümhuriyyət qurucularının xatirəsini əbədiləşdirdiyi vurğulanıb. Nəzərə çatdırılıb ki, 2020-ci ilin payızında baş verən Vətən müharibəsi zamanı beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq parlaq Qələbə qazanan müstəqil Azərbaycan dövləti Cənubi Qafqaz bölgəsində yeni reallıqlar yaradaraq, barışın və rifahın bərqərar olması naminə böyük səylər göstərir.

Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan musiqilərindən ibarət əsərlər səsləndirlib.