...

Minnesota ştatında 28 May – Müstəqillik Günü münasibətilə tədbir təşkil edilib

30.05.2022

ABŞ-ın Minnesota ştatının Leykvill (Lakeville) şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Minnesota-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Leykvill şəhər meri Duqlas Anderson soydaşlarımızı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib və xoş arzularını çatdırıb.

Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis şəhər merinə müsəlman Şərqində ilk dəfə demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda yaradılması, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələri barədə ətraflı məlumat verib.

Tədbir çərşivəsində yerli sakinlərə AXC-nin yaradılmasının 104-cü ildönümünü əks etdirən bukletlər paylanıb.

Qeyd edək ki, Minnesota ştatının digər şəhərində – Börnsvildə (Burnsville) 28 May 2022-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib. Şəhər meri Elizabet Kautsun (Elizabeth Kautz) imzaladığı bəyannamədə bildirilib ki, Azərbaycan əsilli amerikalılar, o cümlədən Börnsvildə yaşayan soydaşlarımız 28 May 1918-ci il tarixində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümünü qeyd edirlər. Börsvilin qürurlu və enerjili Azərbaycan icması üçün doğma evə çevrildiyini vurğulayan mer soydaşlarımızın ictimai-siyasi, mədəniyyət və humanitar sahələrindəki fəaliyyətini, Minnesota-Azərbaycan Assosiasiyasının mədəniyyətlərarası anlaşmaya töhfəsini yüksək qiymətləndirib. Şəhər meri yerli ictimaiyyəti bu bayrama qoşulmağa və Azərbaycan icmasının sevincinə şərik olmağa çağırıb. Bəyannamə Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü ilə qəbul edilib.