...

Rusiya vilayətlərində 28 May – Müstəqillik Günü münasibətilə tədbirlər təşkil edilib

30.05.2022

Rusiyanın Pyatiqorsk, Çelyabinsk, Perm və Solikamsk şəhərlərində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbirlər və cüdo turniri keçirilib.

Pyatiqorsk şəhərindəki Azərbaycan Evində baş tutan tədbir “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Azərbaycan Evinin ərazisində başlayan tədbirdə ölkəmizin dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları qarşısında Pyatiqorsk və Kislovodskdakı "Araz" Azərbaycan Milli-Muxtariyyətinin sədrləri Təhmasib Zeynalov və Asif Musayev çıxış ediblər. Onlar soydaşlarımızı və xalqımızı bayram münasibətilə təbrik ediblər.

Sonra milli musiqimiz və rəqslərimizdən ibarət konsert proqramı nümayiş etdirilib.

Azərbaycan Evinin konfrans zalında davam edən tədbirdə ölkəmizin Dövlət Himni səsləndirilib. Sədr müavini Cavanşir İsmayılov, diaspor fəalları İlqar Həşimov, Araz Məhərrəmov, Mübariz Osmanov və Elçin Cənnətov çıxış edərək, 104 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını böyük tarixi hadisə adlandırıblar. Azərbaycan dövlətinin və xalqının AXC-nin mirasına ləyaqətlə sahib çıxdığı, Cümhuriyyət qurucularının əziz xatirəsini əbədiləşdirdikləri vurğulanıb.

Tədbir zamanı AXC-yə və onun qurucularına həsr olunmuş şeirlər səsləndirilib.

***

Çelyabinsk vilayəti "Azərbaycan" ictimai təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Rusiyanın Dövlət himnləri səsləndirilib.

Konsert öncəsi çıxış edən Çelyabinsk vilayəti "Azərbaycan" ictimai təşkilatının rəhbəri Ərşad Xankişiyev və başqaları bayram münasibətilə xalqımızı təbrik ediblər. 104 il öncə müsəlman Şərqində ilk dəfə demokratik və dünyəvi respublikanın Azərbaycanda qurulması qürurverici tarixi hadisə adlandırılıb.

Tədbir Azərbaycana həsr olunmuş konsert proqramı ilə davam edib.

***

“Perm Azərbaycanlıları Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan konfransda ölkəmizin dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin sədri Çingiz İsayev bayram münasibətilə soydaşlarımızı və xalqımızı təbrik edib. Bildirib ki, 104 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizə böyük hadisə kimi daxil olub.
***

Solikamsk şəhərindəki idman-istirahət mərkəzində gənclər arasında cüdo üzrə “Xalqlar Dostluğu” adlı açıq turnir keçirilib.

Türnir Solikamsk şəhər Cüdo Federasiyası, “Solikamskın Ümumrusiya Azərbaycan Diasporu” Beynəlxalq İctimai Təşkilatı və “Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın birgə təşkilatçılığı ilə baş tutub. Yarışda Solikamsk şəhər dairəsinin cüdo klublarını təmsil edən əlliyə yaxın cüdoçu iştirak edib.

Tədbirdə çıxış edən “Solikamskın Ümumrusiya Azərbaycan Diasporu” Beynəlxalq İctimai Təşkilatının sədri Uğur Əfəndiyev bildirib ki, Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil olunmuş turnirin keçirilməsi sağlam həyat tərzinin təbliğinə, daha çox insanın idmana cəlb olunmasına kömək edir.

Turnirin sonunda hər çəki dərəcəsində qalib və mükafatçılar sertifikat, xatirə medalları və kuboklarla mükafatlandırılıb.

Qeyd edək ki, azərbaycanlı yeniyetmə Emil Qasımov turnirdə II yeri tutub.