...

Monteneqroda “Azərbaycan Günü” adlı tədbir təşkil edilib

28.05.2022

Monteneqronun Petnjica şəhərində 28 May – Müstəqillik gününə həsr olunmuş “Azərbaycan Günü” adlı tədbir keçirilib.

Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin və Petnjica şəhərindəki Mədəniyyət Mərkəzinin rəhbəri Sinan Tiganyın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Petnjica bələdiyyəsinin sədri Samir Aqoviç xalqımızı bayram münasibətilə təbrik edib. Azərbaycan və Monteneqronun dost ölkələr olduğunu, xalqlarımız arasında çoxlu bənzərliklərin mövcudluğunu, hər iki ölkənin müstəqilliyinə yenidən qovuşmaq üçün on illər ərzində mübarizə apardığını xatırladan bələdiyyə sədri Azərbaycanın Monteneqroya yalnız sözdə deyil, əməldə də dost olduğunu dəfələrlə nümayiş etdirdiyini vurğulayıb.

Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin direktoru, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Monteneqro üzrə əlaqələndiricisi Seyran Mirzəzadə 104 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və fəaliyyəti barədə ətraflı məlumat verib.

Bayram tədbiri Berane və Petnjica şəhərlərinin folklor qruplarının ifaları ilə davam edib.

Tədbir çərçivəsində Monteneqro dilində “Qarabağ: Tale hekayələri”, “Azərbaycanın görkəmli şəxsiyyətləri” və “Müasir Azərbaycan ədəbiyyatı” kitablarının təqdimatı da keçirilib. Təqdimat mərasimində professor Velko Cukanoviç, publisist Bojidar Proroçiç və mərkəzin üzvü Veselin Jivakoviç çıxış ediblər.

Qeyd edək ki, 28 May tarixi petnyitsalar üçün də bayram günüdür. Məhz mayın 28-də Petnjica bələdiyyəsinə statusu geri qaytarılıb. Bu münasibətlə səfər çərçivəsində bələdiyyədə və “25 may”, “Mahmud Adroviç”, “Qarışıq Orta İxtisas” bələdiyyə məktəblərində görüşlər keçirilib.

Bələdiyyə rəsmiləri ilə görüşdə Petnjica ilə Azərbaycan şəhərlərindən birinin qardaşlaşması təklifi səsləndirilib, bələdiyyənin iqtisadi və investisiya imkanları nəzərdən keçirilib. Məktəblərin müəllim-şagird heyəti ilə görüşlər zamanı isə AXC-nin 104-cü ildönümü və ölkəmizin müasir inkişafı barədə ətraflı məlumat verilib. Orta məktəb şagirdləri “Azərbaycanın müasir ədəbiyyatı” kitabından şerlər söyləyiblər.

Azərbaycandan bəhs edən kitablar Petnjica Mədəniyyət Mərkəzinin və bələdiyyə məktəblərinin kitabxanalarına hədiyyə edilib.