...

Kanada mətbuatında Leyla Məmmədbəyova haqqında məqalə dərc edilib

27.05.2022

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Şərqin ilk təyyarəçi qadınının irsinə ehtiram göstərək” sərlövhəli məqalə dərc olunub.
Siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu və azərbaycanlı təyyarəçi qadından bəhs edən məqalədə əksər qadınların həyat yoldaşı və anadan fərqli rolda çıxış etməyə cəsarət göstərmədiyi bir dövrdə Leyla Məmmədbəyovanın təkcə Azərbaycan tarixində deyil, eləcə də Qafqazda, Cənubi Avropada və müsəlman Şərqində ilk təyyarəçi qadın kimi şöhrət qazandığı bildirilib.
Məqalədə vurğulanıb ki, “səmanın xanımı” ləqəbli azərbaycanlı Leyla Məmmədbəyova 1931-ci ildə Cənubi Avropadan Mərkəzi Asiyaya təkbaşına uçan ilk təyyarəçi qadın olub. 1941-ci ilə qədər o, sovet ordusunda yüzlərlə hərbi təyyarəçi və 4000-ə yaxın paraşütçü yetişdirərək, eskadron komandiri rütbəsinə qədər yüksəlib, bütün bunların fonunda altı uşaq da böyütməyə imkan tapıb.
Qeyd edilib ki, İkinci Dünya müharibəsi illərində faşistlərə qarşı vuruşmuş sovet pilotlarını yetişdirən cəsarətli qadın Leyla Məmmədbəyova yaşadığı müddətdə canlı əfsanə və qadınların əlçatmaz saydıqları arzuların rəmzi olub. 1930-cu illərin ortalarında Moskvanın “Oqonyok” jurnalı onun şəklini üz qabığına qoyaraq yazırdı: “Azərbaycan qadını Şərqin ilk təyyarəçi qadınıdır”.
Tezliklə onun şöhrəti Sovet İttifaqına yayılıb, cəmi bir neçə il əvvəl adi evdar qadın olan, heç kimdən heç nə ilə fərqlənməyən qadın öz cəsarəti ilə Azərbaycan tarixində silinməz iz qoyub. Müəllif qeyd edib ki, 1931-ci ildə ilk uçuşunu həyata keçirən Məmmədbəyova 1933-cü ildə Nina Kamenevadan sonra Sovet İttifaqında ikinci qadın paraşütçü olub. Vurğulanıb ki, Məmmədbəyovanın və tarixdəki digər ilklərə imza atmış qadınlaırn irsinə ehtiram sərgiləmək çox vacibdir, çünki onların bacardıqları heç zaman adi hal kimi qəbul edilməməlidir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.thej.ca/2022/05/26/honoring-the-legacy-of-the-first-female-pilot-in-the-east/