...

Eskişehirdə “sosial və akademik standup” layihəsinə start verilib

17.05.2022

Türkiyənin Eskişehir şəhərində ilk dəfə olaraq “sosial və akademik standup” (SAS) layihəsinin təqdimatı keçirilib.

Eskişehir Azərbaycanlılar Dərnəyinin (EAD) layihə komandasının təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilən layihə akademik biliklərin yumor vasitəsilə izləyicilərə çatdırılması, gənclərə səhnə mədəniyyətinin, nitq qabiliyyətinin və ictimaiyyət qarşısında çıxış etmək bacarığının aşılanması məqsədinə xidmət edir.

EAD sədri Cavid Aydın bildirib ki, 100-dən çox izləyicinin qatıldığı tədbirdə 5 gənc çıxış edib. Anadolu Universitetinin “Dövlət idarəçiliyi” ixtisası üzrə magistri, EAD layihə komandasının lideri, “Zaurizm” layihəsinin qurucusu Zaur Cahangirov, Anadolu Universitetinin “İdarəetmə və təşkiletmə” ixtisası üzrə magistri, “The Window” platformasının qurucusu, debatçı, layihə meneceri Nilufər Həsənova, Anadolu Universitetinin “Psixologiya” ixtisası üzrə tələbəsi, jurnalist Zülfiyyə Quliyeva, Eskişehir Texniki Universitetinin “Kimya mühəndisliyi” ixtisası üzrə doktorantı Səxavət Dadaşov və EAD İdarə Heyətinin üzvü Yalçın Nazimov öz istedadlarını “Qüsurlu ÜTÜ”, “Mobbing, mmm… Bu, bir mobil tətbiqmi?”, “Zamanın psixologiyası”, “Akademik izcilik” və “Fakültətiv həyatlar” mövzularında nümayiş etdiriblər.

“Standup”çılar uğurlu təqdimatlarına görə “SAS” layihəsinin sertifikatları ilə təltif ediliblər.

Qeyd edək ki, EAD 2010-cu ildə yaradılıb. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə dərnək indiyədək ölkəmizin qədim tarixini və zəngin mədəniyyətini təbliğ edən yüzlərlə layihə həyata keçirib.