...

Almaniyada Heydər Əliyevin 99 illiyi münasibətilə beynəlxalq idman yarışı təşkil edilib

15.05.2022

Almaniyanın Barleben şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə beynəlxalq idman yarışı keçirilib.

Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra fərqli yaş qrupları üzrə yarışa qatılan müxtəlif ölkələrin idmançılarının həvəskar boks, peşəkar boks, qılıncoynatma, qol gücü, əyləncəli oyunlar üzrə qarşılaşmasına start verilib.

Boks döyüşünün ilk qarşılaşmasında azərbaycanlı gənc idmançı Bəxtiyar İsgəndərzadə rəqibinə qalib gələrək, soydaşlarımızı sevindirib. Qalibə mükafatı DİDK sədri F.Muradov təqdim edib.

Qeyd edək ki, turnirin fəxri kürsüsünə Azərbaycanda IBF və IBO versiyaları üzrə Avropa və Dünya çempionu Azad Əzizovun rəhbərlik etdiyi “Odlar Yurdu” boks klubunun təmsilçiləri də yüksəliblər.

Xatırladaq ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində yaşayan soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin əsas məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları birləşdirmək, idman yarışlarında Azərbaycan Respublikasının üçrəngli bayrağının qaldırılmasına, Dövlət Himninin səsləndirilməsinə nail olmaq, Heydər Əliyevin adını daşıyan dünya kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına gətirməkdir.