...

V Qurultay iştirakçıları: “Cənab Prezidentin qətiyyətli çıxışı bizə güc verdi”

11.05.2022

Ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultay iştirakçılarından Diasporla İş üzrə Dövlət Komitəsinə təbrik və təşəkkür məktubları daxil olmaqdadır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktublarda tanınmış bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi, Şimali Kiprdəki Yaxın Şərq Universitetinin Səhnə Sənətləri fakültəsinin professoru Cavanşir Quliyev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müavini Pərviz Məmmədzadə, Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, Rusiyanın Beynəlxalq Hüquqşünaslar Birliyinin Krasnoyarsk diyarındakı nümayəndəliyinin rəhbəri Çeyhun Cəfərov, Qırğızıstandakı “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar hüquqşünası, I dərəcəli ədliyyə müşaviri Əzizağa Əliyev, Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin üzvü Nuranə Həsənova, Daşkənd vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qalib Müslümov, Qazaxıstan Azərbaycanlılarının “Turan” konqresinin rəhbəri Müseyib Novruzov, Şərqi Qazaxıstan vilayəti üzrə “Azərbaycan Etnomədəni Birliyi” ictimai təşkilatın sədri Elvin Dəmirçiyev, Türküstan vilayətindəki “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva mötəbər tədbirə dəvət olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Diasporla İş üzrə Dövlət Komitəsinə dərin minnətdarlıqlarını bildiriblər.

Bəstəkar Cavanşir Quliyev bildirib ki, V Qurultayın səmərəli keçdiyini düşünür: “Dünya Azərbaycanlılarının V Qurultayı çox önəmli vaxta təsadüf edirdi. Müharibə bitdikdən, torpaqlarımız azad edildikdən sonra diasporun fəaliyyət istiqaməti dəyişməli idi. Hansı yönə doğru dəyişmək məsələsi isə Qurultayda müzakirə olundu. Qurultay iştirakçiları yeni bir “Yol Xəritəsi” əldə etdi. Vətən həsrətində olan soydaşlarımız qədim Şuşamızı gördülər, göz yaşlarını saxlaya bilmirdilər. Diasporla İş üzrə Dövlət Komitəsi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Mən Komitənin gördüyü işlərin öz bəhrəsini verdiyinə inanıram”.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar qurultayda iştirakının sevincini belə ifadə edib: “Qədim və zəngin tarixə malik olan Şuşa şəhəri Azərbaycan türklərinin, eyni zamanda türk dünyasının tarixi ənənələrini özündə hifz edir. Bu mənada Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Cənab Prezident İlham Əliyevin Qurultayda şəxsən iştirak etməsi, çıxış etməsi çox mühum bir hadisə idi. Qurultayın müvəffəqiyyətlə keçirilməsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov başda olmaqla, Komitə əməkdaşlarının rolu danılmazdır. Fürsətdən istifadə edib, hər birinə sonsuz təşəkkürlərimi çatdırmaq istəyirəm. Qurultayda iştirak etdiyim, Şuşaya səfər etdiyim və Şuşanı gördüyüm üçün olduqca qürurlu və sevincliyəm”.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov hesab edir ki, qurultayda səsləndirilən çağırışlar və müəyyən olunan hədəflər dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının azərbaycançılıq ideologiyası ətrafında fəaliyyətini və birliyini daha da gücləndirəcəkdir. “60-dan çox ölkədən 400 nəfərə yaxın diaspor fəalının, dövlət rəsmilərinin, mətbuatın, incəsənət xadimlərinin iştirak etdiyi Zəfər Qurultayının yüksək səviyyədə təşkilini təmin edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov başda olmaqla, əməyi keçən hər kəsə Yunanıstandakı Azərbaycan icmasının nümayəndəsi olaraq dərin təşəkkürümü bildirirəm”.

Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı qeyd edib ki, 12-13 yaşlarında I Qarabağ müharibəsinin dəhşətlərini, Ermənistandan, Qarabağdan qaçqın düşən azərbaycanlıların acılarını görən nəslin nümayəndəsidir: “Buna görə Qarabağ bizim üçün canımızdan əzizdir. Bizi Qurultaya dəvət edən, Şuşanı görməyimizə, o torpaqlarda nəfəs almağımıza vəsilə olan, bizi uşaqlıq, gənclik arzularımıza çatdıran Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürümü bildirirəm. Şuşada olmaq, Şuşanın ab-havasını hiss etmək çox fərqli bir duyğu idi. Cənab Prezidentin çıxışı, Qarabağla, Azərbaycanla bağlı qətiyyətli şəkildə söylədikləri bizə ayrıca güc verdi. Cənab Prezident qeyd etdi ki, lazım gələndə, Azərbaycan hər şeyi öz gücü ilə etmək qüdrətinə sahibdir. Buna görə həm cənab Prezidentimizə, həm də Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm. Bizə böyük etimad göstərilib və üzərimizə böyük məsuliyyət düşür. Biz var gücümüzlə bu etimadı doğrultmağa çalışırıq”.

Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin üzvü Nuranə Həsənova bildirib ki, Zəfər Qurultayında iştirakı əslən qarabağlı olan, torpaq həsrəti çəkən 82 yaşlı anasına böyük hədiyyə olub. “Otuz ildən artıqdır Özbəkistanın Daşkənd şəhərində yaşayır və Azərbaycan mədəniyyət mərkəzinin işində yaxından iştirak edirəm. Bu il Zəfər Qurultayına dəvət olunmağım və iştirakım mənim üçün böyük hədiyyə oldu. Yalnız mənə yox, həm də əslən qarabağlı olan 82 yaşlı anama! O, 20 yaşında Şuşadan çıxmışdı və torpaq həsrəti ilə yaşayırdı. Özünün gedə bilmədiyi doğma elinə övladının ayaq basması anama fəxr və qürur hissi yaşatdı. Anam Natəvan bulağından gətirdiyim suyu içdikdə gözlərinin nuru artdı, bir ovuc Şuşa torpağını öpdükdə ürəyinin gücü artdı. Mən gözləri sevinc yaşları ilə dolan anama sığınaraq, bu səfərin nə qədər dərin məna kəsb etdiyini bir daha dərk etdim. Bu il mənim 60 yaşım olur. Yubiley ilində mənə bundan dəyərli hədiyyə ola bilməzdi”, - deyə Nuranə xanım vurğulayıb.

Diaspor fəaliyyətinin qiymətləndirilməsinə və təltif olunmasına görə Qazaxıstan Azərbaycanlılarının “Turan” konqresinin rəhbəri Müseyib Novruzov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib. “İnanram ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz tərəfindən ləyaqətlə davam etdirilən dünya azərbaycanlılarının birliyi, Azərbaycançılıq ideologiyasının həyata keçirilməsi prosesində Diasporla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətini daha da genişləndirəcək və yeni-yeni nailiyyətlər əldə edəcək. Şəhidlərin məzarı önündə baş əyir, şəhid analarının əllərindən öpürəm”, - deyə “Turan” konqresinin rəhbəri yazıb.

Soydaşlarımız qurultayın yüksək səviyyədə təşkil olunmasından məmnun qaldıqlarını bildiriblər. “Qurultay sayəsində bizə başqa ölkələrdən olan soydalarımızla yaxından tanış olmaq, tarixi torpaqlarımızı daha yaxından tanımaq, ziyarət etmək imkanı yaradıldı. Əminliklə deyə bilərəm ki, tarixi Şuşamız gündən-günə dirçələçək, çiçəklənəcək. Yaşasın Azərbaycan!”, - E.Dəmirçiyev qeyd edib.

Türkiyə, Yunanıstan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Rusiyada yaşayan soydaşlarımız əmin ediblər ki, həmişə olduğu kimi, gələcək işlərində də Azərbaycanın rifahı naminə əllərində olan bütün imkanlardan istifadə edəcək, Vətənimizin quruculuq işlərində yaxından iştirak edərək, yeni zəfərlərə doğru birgə addımlayacaqlar.