...

Vyanada azərbaycanlı qrossmeysterlə görüş olacaq

14.04.2022

Avstriyanın paytaxtı Vyanada azərbaycanlı qrossmeyster Nicat Abasovun (ELO 2633) uşaq və yeniyetmələrlə şahmat görüşü keçiriləcək.

Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Akademik Birliyinin təşəbbüsü ilə təşkil edilən görüş 1 may 2022-ci il tarixdə saat 11:00-da baş tutacaq.

Zəka oyununa uşaqların marağını artırmaq məqsədilə keçirilən tədbirdə N.Abasov şahmat aləminə gəlişindən, erkən yaşda bu idman növünü yaxşı öyrənməyin yollarından və ilkin mərhələdə hansı addımların atılmasının vacibliyindən danışacaq. Hazırda dünya reytinqində 127-ci, Avropada 78-ci və Azərbaycan şahmatçıları arasında 6-cı yer tutan Nicat uşaqlara ustad dərsi nümayiş etdirəcək. Başlanğıc üçün bir sıra mühüm qayda, debüt və gedişləri göstərəcək.

Təşkilatçılar nəzərə çatdırıblar ki, əsasən 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulan bu tədbir bütün yaş qrupları üçün maraqlı ola bilər: “Sizi aramızda görməkdən məmnun olarıq”.

Tədbirdə iştirak etmək üçün qeydiyyat 25 aprelədək aparılacaq. Soydaşlarımız office@azculture.at ünvanına təsdiq göndərməli və iştirakçı barədə qısa məlumat verməlidirlər.

Tədbir Bellariastr 8, 1010 Vyana ünvanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək.

Xatırladaq ki, Nicat Abasov 14 may 1995-ci ildə Bakıda anadan olub. 2007-ci ildə Tbilisidə keçirilən turnirdə ilk dəfə qələbə qazanıb. 2009-cu ildə beynəlxalq usta normasını yerinə yetirib, 2011-ci ildə isə qrossmeyster adını alıb.