...

Misir-Azərbaycan Dostluq Cəmiyyətində müdavimlərə diplomlar təqdim edilib

29.03.2022

Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə ödənişsiz əsasda təhsil alan tələbələrə diplomlar təqdim olunub.

Təqdimat mərasimində çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyətdə indiyədək 40 ölkədən 1500-ə yaxın tələbə təhsil alıb və hazırda 35 ölkədən 400-dən çox gənc ödənişsiz əsasda təhsilini davam etdirir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraəti, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, xəttatlıq, dekorasiya fənləri tədris olunur.

Cəmiyyətin fəaliyyətinin əsas məqsədinin xalqlar arasında dostluğun möhkəmlənməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlər göstərilməsi olduğunu vurğulayan natiq ölkəmizin Misir və digər ərəb dövlətləri ilə əlaqələrinin tarixindən və hazırkı yüksək səviyyəsindən də bəhs edib.

Sonra müxtəlif ölkələrdən olan tələbələrə 73 diplom və sertifikat təqdim olunub.

Qeyd edək ki, diplomların təqdimatı mərasimi haqqında xəbər Misir, Səudiyyə Ərəbistanı, İraq, Livan, Əlcəzair və digər ərəb ölkələrinin mətbuatında geniş işıqlandırılıb.