...

Əl-Əzhər Universitetində Azərbaycan dilinə böyük maraq göstərilir

18.03.2022

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə bu ölkənin daha bir nüfuzlu ali təhsil ocağında – əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisi davam etdirilir.

Əl-Əzhər Universitetinin Humanitar fənlər fakültəsinin türk dili bölməsində Azərbaycan dilini Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəal üzvü İnarə Osmanova tədris edir. Universitetin birinci və ikinci kurslarda təhsil alan tələbələr dilimizin öyrənilməsinə böyük maraq göstərirlər. Bu il Azərbaycan dili dərslərində 204 tələbə iştirak edir. 975-ci ildə təsis edilmiş əl-Əzhər Universiteti dünyanın ən böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetdə 115 ölkədən 500 mindən çox tələbə təhsil alır.

Qeyd edək ki, İ.Osmanova artıq beş ildir bu ali təhsil ocağında ana dilimizi könüllü şəkildə misirli və müxtəlif ölkələrdən gəlmiş əcnəbi tələbələrə öyrədir. Bundan başqa, altı ildir Qahirədəki Azərbaycan diaspor mərkəzində minlərlə tələbəyə Azərbaycan dili və ədəbiyyatını tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir.

Dilimizə böyük maraq göstərən gənclər onu təkmilləşdirmək üçün dərsdən kənar əlavə kursların təşkili ilə bağlı Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün əlavə kurslar təşkil olunacaq.

Xatırladaq ki, Azərbaycan dilinin tədrisi bu il Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində də davam etdirilir. Universitetin 4-cü kürs tələbələrinə doğma dilimizi “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim S.Nəsirov tədris edir.