...

Dərbənddə Novruz bayramı təntənə ilə qeyd edilib

17.03.2022

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində Novruz bayramı təntənə ilə qeyd edilib.

Dərbənd şəhər Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında baş tutan bayram şənliyində yerli ictimaiyyətin nümayəndələri və müəllim-tələbə heyəti iştirak ediblər.

Tədbirdə Dərbənd şəhər dairəsi başçısının müavini Vidadi Zeynalov, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru Qurban Qurbanov, Dərbənd şəhər Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Telman Gəncəliyev, Azərbaycan Dövlət Dram Teatrının dirüktoru Firdovsi Əsgərov, Cümə məscidinin axundu Seyid-Həşim Mürteibov, Dərbənd rayonu üzrə mədəniyyət, gənclər siyasəti, idman və turizm idarəsinin rəisi Timur Məcidov və başqaları çıxış ediblər. Natiqlər Dərbənd şəhər dairəsinin başçısı Rustambek Pirmaqomedov adından tədbir iştirakçılarını və soydaşlarımızı bayram münasibətilə təbrik ediblər. Bildirilib ki, təbiətin yenilənməsinin, sülhün, qarşılıqlı hörmətin və həmrəyliyin rəmzi olan Novruz bayramı müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir-birini daha yaxından tanımasına, dostluq, mehriban qonşuluq münasibətlərinin təşəkkül tapmasına şərait yaradır, insanları bir araya gətirir.

Bayram konserti ilə davam edən tədbirdə Azərbaycan Dövlət Dram Teatrının, “Kaspi” Dağıstan Dövlət Rəqs Ansamblının, Dağıstan estradasının artistləri və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbələri çıxış ediblər.