...

Soydaşımız Niderlandda keçirilən bələdiyyə seçkilərinə qatılıb

17.03.2022

Niderlandda yaşayan fəal diaspor üzvü Həcər Karaman 16 mart 2022-ci il tarixində bu ölkədə keçirilən bələdiyyə seçkilərində iştirak edib.

Sosialistlər Partiyasının (PvdA) namizədi kimi seçkilərə qatılan Həcər xanım “Gələcəyə səs verin!” şüarını irəli sürüb. O, seçicilərinə keyfiyyətli həyat, yaxşı təhsil, işsizliyin azaldılması istiqamətində fəal çalışacağını vəd edib.

Qeyd edək ki, Azərbaycan həqiqətlərinin Niderlandda yayılmasında Həcər Karaman böyük fəallıq göstərir. Niderland parlamentində Xocalı soyqırımının müzakirəyə çıxarılması və siyasi-hüquqi qiymətin verilməsi təşəbbüsü ilə çıxış edən soydaşımız Vətən müharibəsi dövründə yaşadığı ölkədə keçirilən tədbirlərdə Azərbaycanın mövqeyinə aydınlıq gətirməyə çalışıb və prinsipiallıq göstərib.

Xatırladaq ki, 9 fevral 1946-cı ildə Niderlandda təsis edilmiş PvdA ölkənin parlament və bələdiyyə seçkilərində fəal iştirak edir. Partiya yüksək səviyyəli sosial təminat, tibbi sığorta xərclərini azaltmaq siyasətini dəstəkləyir, eləcə də immiqrasiyaya nisbətən tolerant münasibəti ilə fərqlənir.