...

Ərəb Tələbələr Birliyi Misirdəki Azərbaycan diasporunun sədrinə təşəkkür məktubu ünvanlayıb

11.03.2022

İslam aləminin ən nüfuzlu Əl-Əhzər Universitetində fəaliyyət göstərən Ərəb Tələbələr Birliyi Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, diaspor mərkəzinin rəhbəri Seymur Nəsirova təşəkkür məktubu ünvanlayıb.

Məktubda Azərbaycan diasporunun uzun illər boyu müxtəlif ölkələrdən Qahirədə təhsil alan tələbələrə diqqət və qayğısı vurğulanıb, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində onlar üçün ödənişsiz kursların təşkil edildiyi diqqətə çatdırılıb.

Misirin “Əl Ruvaq” qəzeti isə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun fəaliyyəti barədə bir səhifəlik məqalə dərc edib. Yazıda qeyd olunub ki, 20 ilə yaxındır diaspor təşkilatının sədri Qahirədə təhsil alan yerli və əcnəbi tələbələrə qayğı göstərir. Təhsilini başa vurmuş bu gənclərin çoxu hazırda öz ölkələrində cəmiyyət həyatının müxtəlif sahələrində çalışır, eyni zamanda sülhə və tərəqqiyə, ekstremizm və radikalizmə qarşı mübarizəyə öz töhfələrini verirlər.

S.Nəsirov qeyd edib ki, dünyada neqativ halların qarşısını almağın yeganə yolu təhsildən keçir. Onun sözlərinə görə, rəhbərlik etdiyi mərkəzdə yerli və əcnəbi tələbələrin ödənişsiz əsasda təhsili davam edir və burada 50-yə yaxın ölkənin gəncləri müxtəlif fənlər üzrə biliklərə yiyələnirlər.