...

Azərbaycan diaspor rəhbəri Britaniya mediasına müharibənin psixoloji fəsadları barədə danışıb

04.03.2022

Birləşmiş Krallığın https://www.pressandjournal.co.uk xəbər portalında Şotlandiyanın Aberdin şəhərində yaşayan, “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının rəhbəri, psixoterapevt Nərgiz Morrisonla müsahibə yayımlanıb.

Avropada baş verən son hadisələr fonunda münaqişələrin insan psixikasına mənfi təsirindən danışan soydaşımız öz şəxsi nümunəsinə diqqəti cəlb edib. Bildirib ki, 1992-ci ildə Ermənistanın Azərbaycan şəhəri olan Şuşanı işğal etməsi nəticəsində ailəsi və yaxın qohumları doğma şəhərindən qaçqın düşərək, 30 il Bakıda yataqxanada məskunlaşmağa məcbur olub.

“Mən yeniyetmə olarkən doğma Azərbaycanımda müharibə başladı. Qonşu ölkə bizim torpaqlarımıza əsassız iddialar irəli sürdü və ərazilərimizin 20%-i işğal olundu. On minlərlə insan öldürüldü və yaralandı. 30 il keçməsinə baxmayaraq, 4 mindən şox azərbaycanlı indiyədək itkin sayılır. Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var. Hər statistika rəqəminin arxasında insan həyatı dayanır”, - deyə N.Morrison nəzərə çatdırıb.

Soydaşımız qeyd edib ki, hər dəfə Şuşanın işğal olunduğu kəlməsini eşidəndə atası göz yaşlarını gizlədirmiş: “Həmişə gülərüzlü olan və dünyanı xoşbəxt etmək istəyən babamın gözlərindəki kədəri görürdüm. Artıq heç nə ifadə etmirdi. Yuxusuz gecələri xatırlayıram. Xəbərlərə baxır, müharibədə döyüşən yaxın qohumlarının sağ olub-olmadığını düşünürdüm. Vaxtında xilas ola bilmədikləri üçün dünyasını dəyişən qohumlarımızın yasını tuturduq. Hər zəng, hər qapı döyülməsi bizi diksindirirdi...”.

Şüşa işğaldan azad edildikdən sonra doğma şəhərini ziyarət etməyə dəvət olunanlar arasında olduğunu deyən Nərgiz xanım ermənilərin Azərbaycanın mədəniyyət paytaxtında törətdikləri vandallığa diqqəti cəlb edib. “Babamın evini axtarmağa getdim. Üçmərtəbəli, böyük bağı və toyuq hini olan ev idi. Yalnız toyuq hininin divarı qalmışdı. Evin bir divarı belə yox idi. Ən çox babamın bağından nəhəng armud ağacının yoxa çıxması məni üzdü. O, möhkəm idi, onun kölgəsi ailəm və əmiuşaqlarımla arxasında günlər keçirdiyim uzun masanı örtürdü. Bu, sadəcə, bir ağac deyildi. Bu, xoşbəxt uşaqlığın rəmzi idi. Və onu amansızlıqla əlimdən aldılar...”, - deyə həmvətənimiz acı təəssüratlarını bölüşüb.

Müsahibəni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.pressandjournal.co.uk/fp/lifestyle/health-and-wellbeing/3997548/ukraine-aberdeen-psychotherapist-who-escaped-azerbaijan-lays-bare-the-ugly-side-of-conflict/