...

Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş beynəlxalq videokonfrans keçirilib

28.02.2022

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Miçiqan Dövlət Universitetinin tələbəsi, gənc ictimai fəal Matt Garnettin təşəbbüsü ilə baş tutan tədbirdə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla yanaşı, digər millətlərin diaspor üzvləri də iştirak ediblər.

Matt Garnettin moderatorluğu ilə aparılan konfrans Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirdə peşəkar jurnalist Neil Vatson (Birləşmiş Krallıq), Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının prezidenti Günel Səfərova (Fransa), tanınmış tarixçi və siyasi analitik Patrik Uolş (İrlandiya) çıxış ediblər. Bildirilib ki, 30 il öncə Xocalıda baş verənlər insanlığa qarşı törədilmiş əsl soyqırımı olub. Natiqlər dünya mediasının və beynəlxalq ictimaiyyətin indiyədək Xocalı faciəsinə göz yummasına, biganə qalmasına və bu ağlasığmaz qətliamın baiskarlarının və icraçılarının cinayət məsuliyyətinə cəlb olunmamasına görə təəssüf hissi keçirdiklərini söyləyiblər.

"Bir tarixçi və siyasi analitikdən əvvəl, bir insan olaraq Ermənistan siyasətinin nəticəsi olan Xocalı soyqırımında iştirak edən cinayətkarların öz əməlləri haqqında rahatlıqla kitab yaza bilməsi məni çox təəccübləndirir", - deyə Patrik Uolş vurğulayıb.

Konfrans zamanı Xocalı soyqırımı həqiqətlərini əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.