...

Norveçdə Azərbaycan icması ilə görüş olub

28.02.2022

Oslo şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Norveçdə yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) ofisində baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, ölkəmizin İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, Oslo və digər şəhərlərdə yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir müasir Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı, Ermənistan silahlı birləşmələrinin törətdiyi kütləvi qırğına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyət barədə ətraflı danışıb. Diplomat tezliklə Norveçdə də səfir kimi fəaliyyətə başlayacağını nəzərə çatdırıb və icma üzlərini səfirliklə birgə, koordinasiyalı şəkildə çalışmağa çağırıb.

İndiyədək Xocalı soyqrımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində DİDK-nın və diaspor təşkilatlarının gerçəkləşdirdiyi layihələrə və gördüyü işlərə diqqəti cəlb edən Komitə sədri bildirib ki, bu il DİDK-nın dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımına həsr olunmuş 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgəmizdə yaranan yeni reallıqlar baxımından diaspor təşkilatlarının fəallığının artırılması vacibdir.

Sonra DİDK-nın 2021-ci il üzrə fəaliyyət istiqamətləri barədə videohesabat təqdim edilib və Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Komitənin hazırladığı videoçarxlar nümayiş etdirilib.

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev Azərbaycan icmasının mütəşəkkil fəaliyyətinə nail olunması istiqamətində əldə olunan uğurlardan, Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin fəaliyyətindən danışıb. O, icma adından Osloda Azərbaycan Evinin açılmasına dəstək göstərilməsi üçün Komitə sədrinə müraciət edib.

Sonra Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin milli geyimli şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

Tədbir çərçivəsində Komitə sədri NAYO-nun ofisində yerləşən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin fəaliyyəti və şagirdlərin əl işləri ilə tanış olub.