...

İstanbulda Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

25.02.2022

İstanbul şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans və anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə iki ölkənin dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin "Xocalıya ədalət!" çağırışı ilə müxtəlif xalqların nümayəndələrinin, eləcə də xaricdə yaşayan həmvətənlərimizin dünya ictimaiyyətinə müraciəti əsasında hazırladığı videoçarx nümayiş etdirilib.
Konfransın panel iclasında çıxış edən Türkiyənin Memar Sinan Universitetinin professoru Süleyman Kızıltoprak, Yıldız Teknik Universitetinin professoru Cemal Zehir və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Əmir Əliyev Xocalı soyqırımı barəsində iştirakçılara geniş məlumat verib, Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu savaş nəticəsində əldə edilən şanlı Zəfərimiz haqqında danışıblar.
Anım mərasiminin rəsmi hissəsində Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi, akademik Asəf Hacıyev, Türkiyənin Milli Müdafiə Nazirliyinin Universitetində təhsil alan hərbçimiz, mayor Coşqun Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və TADEF-in İdarə Heyətinin sədri Ədalət Turan çıxış ediblər. Bildirilib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilən ən ağır cinayətlərdən, dünya tarixinə yazılan ən dəhşətli və faciəli qətliamlardan biridir.
Xocalı soyqırımının beynəlxalq səviyyədə dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər, bu fəaliyyətin müxtəlif kampaniyalar vasitəsilə geniş vüsət alması nəticəsində bir sıra dövlətlərin Xocalı faciəsini rəsmən tanıdığı nəzərə çatdırılıb. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası bu istiqamətdə aparılan fəaliyyətə bariz nümunə kimi göstərilib.
Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfərlə erməni vandallarının törətdikləri ağır cinayətlərə, o cümlədən Xocalı soyqırımına da cavab verdiyini vurğulayan natiqlər bildiriblər ki, müasir dünyanın gözü qarşısında erməni cinayətkarlarının xalqlarımıza və ölkələrimizə qarşı məqsədyönlü və planlaşdırılmış şəkildə törətdikləri bütün cinayətlərin izi II Qarabağ savaşı zamanı işğaldan azad etdiyimiz ərazilərimizdə üzə çıxır. Qeyd edilib ki, bəşəri cinayət olan Xocalı soyqırımının baiskarlarının ədalət mühakiməsinə təslim edilməsi bütün dünya üçün zəruridir.
Tədbirin bədii hissəsində Azərbaycanın əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin rəhbərlik etdiyi "Turan" kamera orkestrinin ifasında Azərbaycan və dünya klasik musiqiləri, eləcə də tanınmış pianoçu, dirijor, bəstəkar, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin "Xocalıya" əsəri təqdim edilib.
Mərasim çərçivəsində Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilib.
Qeyd edək ki, tədbirdə Türkiyədə müalicə alan Vətən müharibəsi qaziləri, Azərbaycanın bu ölkədə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, incəsənət xadimləri, Türkiyə Milli Müdafiə Nazirliyinin Universitetində akademik təhsil alan hərbiçilərimiz, ictimai birliklərin və qeyri-hökumət təşkilatçılarının təmsilçiləri iştirak ediblər.