...

Təhsil naziri Emin Əmrullayev Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində olub

21.02.2022

Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin və “Çay Evi” Tədris və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub.

O, mərkəzlərin fəaliyyəti, müəllimlərin problemləri, yeniyetmə və gənclərin arzuları ilə maraqlanıb.

Mərkəzdə fəaliyyət göstərən rəqs, xalçaçılıq, rəssamlıq, xarici dil dərnəklərinin şagirdləri öz məharətlərini nümayiş etdiriblər.

Emin Əmrullayev daha sonra Marneuli, Qardabani, Bolnisi, Dmanisidəki azərbaycandilli məktəblərin müəllimləri və direktorları ilə də görüşüb. Görüş zamanı azərbaycandilli məktəblərdə təlim-tədrisin inkişafına Azərbaycanın mümkün dəstəyi müzakirə edilib. Görüş zamanı bildirilib ki, Prezident İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların sosial vəziyyətini hər zaman diqqətdə saxlayır və bu istiqamətdə hər iki ölkənin aidiyyəti qurumları arasında birgə iş aparılır. Vurğulanıb ki, gürcü və Azərbaycan xalqı tarixən sülh və dostluq şəraitində yaşayıb və mehriban əlaqələr hər iki ölkənin ortaq dəyəridir.

Görüşlərdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, mərkəzlərin nümayəndələri, yerli ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.