...

Azərbaycan və Çin gəncləri “Pekin-2022” Qış Olimpiya Oyunları ilə bağlı həmrəylik nümayiş etdiriblər

09.02.2022

Azərbaycan və Çin gənclərinin “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunmuş onlayn formatlı görüşü keçirilib.

Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsinin Azərbaycan dili kafedrası və Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbirdə yerli müəllim-tələbə heyəti, bu ölkədə yaşayan, təhsil alan azərbaycanlı məktəblilər və tələbələr iştirak ediblər. Görüş qarşılıqlı mədəni tədbirlər vasitəsilə xalqlarımız arasında dostluğa töhfə bəxş etmək məqsədinə xidmət edib.

Görüşdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov, PXDU-nun Azərbaycan dili kafedrasının müdiri, Azərbaycan diasporunun nümayəndəsi Aqşin Əliyev, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə tələbəsi Tanq Yusuen və başqaları çıxış ediblər. Məlumatlandırma səciyyəli tədbirin iki ölkənin gəncləri arasında mədəni mübadilənin dərinləşməsi məqsədini güddüyü nəzərə çatdırılıb, Çinin ən nüfuzlu ali təhsil ocaqlarından olan PXDU-da Azərbaycan dili ixtisasının tədrisi barədə təqdimat edilib.

Bildirilib ki, Çin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, diplomat kadrların hazırlanması ilə tanınan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə mütəxəssislər hazırlanmasına başlanılıb. Azərbaycan dilinin və mədəniyyətinin tədrisi və tədqiqinə xüsusi diqqət ayıran, dünyada əcnəbilər üçün doğma dilimizin ixtisas kimi tədris olunduğu yeganə ali məktəb olan PXDU-da hazırda Azərbaycan Mərkəzinin yaradılması istiqamətində işlər aparılır. Azərbaycan tərəfinin dəstəyi ilə ötən illər ərzində universitetdə dəfələrlə ölkəmizlə bağlı tədbirlərin keçirildiyi, Azərbaycan həqiqətlərinin, Azərbaycan dilinin və mədəniyyətinin təbliğini elmi yolla reallaşdıran layihələrin icra olunduğu vurğulanıb.

Sonra universitetin Azərbaycan dili ixtisası üzrə tələbələri Hu Aycinq Pekin şəhərinin tarixi, mədəni irsi və müasir inkişafı, Çuy Çenşuo isə “Pekin-2022” Qış Olimpiya Oyunları və Çinin Olimpiya ənənəsi barədə təqdimatla çıxış ediblər.

Azərbaycanlı məktəblilər və çinli tələbələr Pekinin Qış Olimpiya Oyunlarına ev sahibliyi etməsinə həsr olunan şeirləri Azərbaycan və Çin dillərində səsləndiriblər.

Qeyd edək ki, tədbirə ADU-nun nəzdində Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Cinhua da qatılıb.