...

Podolskdakı məktəbdə Azərbaycan sərkərdəsi Həzi Aslanov guşəsi açılıb

04.02.2022

Rusiyanın Podolsk şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı sərkərdə, general-mayor Həzi Aslanovun anadan olmasının 112-ci ildönümünə həsr olunmuş “Əbədi olaraq xalqın qəlbində” adlı tədbir keçirilib.

“Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə şəhərin 34 saylı tam orta məktəbinin tarixi muzeyində baş tutan tədbirdə müharibə veteranları, Azərbaycanın Rusiyadakı səfirliyinin, ictimai təşkilatların, şagird-müəllim heyətinin nümayəndələri, diaspor fəalları iştirak ediblər.

Tədbirdə “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımov, Rusiyanın “Zvezda” televiziya kanalının əməkdaşı, “Ordu əfsanəsi Həzi Aslanov” filminin müəllifi Yelena Milyayeva, “Əfsanəvi Maresyev” layihəsinin müəllifi və rəhbəri, Boloqoye şəhərinin fəxri vətəndaşı Mixail Sadovnikov, pedaqoq İrina Silina və başqaları çıxış edblər. Tədbirə onlayn formatda Azərbaycan Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Bakı şəhəri Əliheydər Kazımov adına 228 saylı məktəbin direktor müavini Səadət Həmidova, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə qoşulublar.

Onlar qeyd ediblər ki, alman faşizminə qarşı aparılan II Dünya müharibəsi zamanı sovetlər birliyində yaşayan xalqlarımız birlikdə qələbə qazanıblar. Bu qələbənin qazanılmasında Həzi Aslanov, Qafur Məmmədov, İsrafil Məmmədov və başqa igid azərbaycanlıların böyük xidmətləri olub. Rusiyadakı diasporumuzun Azərbaycan xalqının görkəmli oğul və qızlarının xatirəsinin unudulmaması istiqamətində məqsədyönlü iş apardığı nəzərə çatdırılıb. Azərbaycanın qəhrəman oğlunun xatirəsini əziz tutduqlarına görə məktəb rəhbərliyinə və diaspor üzvlərinə minnətdarlıq bildirilib.

Tədbir zamanı məktəbdəki “Onlar Moskvanı müdafiə ediblər” adlı tarixi muzeyində Həzi Aslanov adına guşənin açılışı olub. Azərbaycan diasporu adından Həzi Aslanovun üç böyük portreti və soydaşlarımızın faşizmə qarşı mübarizəsindən bəhs edən “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı muzeyə hədiyyə edilib.