...

Misirli tələbə Əliağa Vahidin yaradıcılığından yazıb

03.02.2022

Əlcəzairin “Əl Hərir” qəzetində Azərbaycan şairi, qəzəlxan Əliağa Vahidin yaradıcılığı haqqında məqalə dərc olunub.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarının müdavimi, Qahirə Universitetinin tələbəsi Fatima Şakerin qələmə aldığı məqalədə ərəb sözü olan “qəzəl” haqqında məlumat verilib, Əliağa Vahidin Azərbaycanda bu janrın ən parlaq nümayəndələrindən biri olduğu, öz qəzəllərində romantizm ənənələrinə üstünlük verdiyi nəzərə çatdırılıb. Orta əsr klassik ədəbiyyatının bu aparıcı janrının məhz Vahid poeziyasının timsalında XX əsr Azərbaycanında davam etdirildiyi vurğulanıb.

Məqalədə həmçinin Azərbaycanın klassik poeziya nümunələri və görkəmli şairlərinin yaradıcılığından da ətraflı bəhs olunub. Bildirilib ki, Azərbaycanın Nizami Gəncəvi və Füzuli kimi dahi şair və mütəfəkkirləri Şərq poeziyasının və fəlsəfi fikrinin görkəmli nümayəndələri kimi tanınırlar. Şərq və İslam ədəbiyyatına misilsiz töhfələr vermiş azərbaycanlı şairlərin eyni zamanda ərəb nəzminin təşəkkülündə də mühüm rol oynadıqlarına diqqət cəlb edilib.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin kurslarında dilimizi öyrənən tələbələr müntəzəm olaraq ərəb mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edirlər.