...

“Türkiyədə Azərbaycanlı Gənclərin Toplantısı” keçirilib

03.02.2022

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) tərəfindən “Türkiyədə Azərbaycanlı Gənclərin Toplantısı” keçirilib.
Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, TADEF sədrinin gənclərlə iş üzrə müavini Cavid Aydının moderatorluğu ilə onlayn formatda keçirilən görüşdə bildirilib ki, 2 Fevral 1996-cı ildə keçirilən “Azərbaycan Gənclər Forumu”ndan sonra ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci ildə imzalanmış sərəncamla 2 Gevral Gənclər Günü elan edilib.
TADEF-in sədr müavini Pərviz Məmmədzadə 22 dərnəyi birləşdirən Federasiya ilə Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşlığından danışıb, gənclərin ideyalarının vacibliyini vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin Gənclərlə iş sektorunun müdiri Emin Rüstəmov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin mahiyyətindən bəhs edərək, artıq 25 ildir ki, respublikamızda 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsinin ənənə halını aldığını bildirib. O, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və bu gün də ölkənin prioritet siyasi istiqamətlərindən biri olan gənclər siyasətinin bariz nümunələri kimi imzalanan sərəncamların, həyata keçirilmiş böyük proyektlərin önəmindən bəhs edib. Qeyd olunub ki, diaspor quruculuğu istiqamətində gənclərin inkişafı Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılıb, Komitə tərəfindən Diaspor gənclərinin yay düşərgələri, Diaspor gənclərinin Qış məktəbi, ötən ilin noyabrında İstanbulda təşkil edilmiş Diaspor gənclərinin Zəfər Görüşü, "Diaspor gəncləri 1+1" kimi layihələr icra edilib.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Elşən Hüseynov da bütün iştirakçıları Gənclər Günü münasibətilə təbrik edib.
Görüş Türkiyədə yaşayan gənclərin çıxışları ilə davam edib. Tokat Azərbaycanlı Tələbələr Dərnəyinin sədri Seymur Ağayev, Bursa GİMAZDER Gənclər sədri Elnur İsmayılov və Bursa Tələbə Birliyinin nümayəndəsi Adil Əlisoy, Eskişehir Azərbaycanlılar Dərnəyinin Gənclər qolu başqanı Nurlan Maarif, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Gənclər sədri Vüsalə Hacıyeva yaşadıqları şəhərlərdə gənclərin qarşılaşdıqları çətinlikləri dilə gətirib, onların həlli üçün təkliflərini irəli sürüblər.
Görüşdə qonaq qismində iştirak edən Azərbaycanın xalq artisti Əlixan Səmədov və skripka ifaçısı Ceyhun İsmayılov da gəncləri bayram münasibətilə təbrik ediblər.